Ötən həftə Çin Xalq Bankı (ÇXB) ABŞ dollarının dinamikası və onun son zamanlar zəifləməsinin səbəbləri, həmçinin Çin yuanının perspektivləri ilə bağlı sorğu keçirib.
Bank bu yaxınlarda keçirdiyi sorğunun məqsədini açıq şəkildə bildirməsə də, bir mənbə hakimiyyətin yuanın zəifləyən dollar qarşısında kəskin bahalaşmasından narahat olduğunu açıqlayıb.
Sorğu ABŞ prezidenti Donald Trampın onlarla ölkədən idxala tətbiq edilən tariflərə dair elan etdiyi 90 günlük fasilənin bitməsinə günlər qalmış aparılıb. Qeyd edək ki, sorğu ABŞ-nin Çinə qarşı tarif güzəştlərinin müddətinin başa çatması ərəfəsində keçirilib.
ABŞ-nin ticarət və iqtisadi siyasəti bu il dollara ciddi təzyiq göstərib. Dollar indeksi 1973-cü ildən bəri ilk yarımillikdə ən pis performansını göstərib və təxminən 11% azalıb. Təkcə aprelin 2-dən bu yana ABŞ valyutası 6.6% ucuzlaşıb.
Bununla belə, Çin yuanı aprelin 2-də Qurtuluş Günü tariflərinin tətbiq edilməsindən bəri cəmi 1.3% bahalaşaraq nisbətən sabit qalıb.