2 C
Baku
Sunday, December 15, 2024

Çin Qazaxıstan bazarına hakim olmaq istəyir

Çin sentyabr ayının ortalarından başlayaraq Qazaxıstanla sərhəddən malların keçidini məhdudlaşdırıb. Sərhəddə Qazaxıstana aid 4 mindən çox konteyner qalıb. Maraqlıdır, Pekin niyə Qazaxıstan malları üçün sərhədi bağlayıb, məqsədi nədir?

Qazaxıstan ekspertlərinin fikrincə, Çin Qazaxıstan bazarına hakim olmaq istəyir. Pekinin bu ölkəyə siyasi tələbləri də var. Qazaxıstanın siyasi dairələrində və cəmiyyətində isə Çində yaşayan uyğurlara sipmatiya var. Bu təbiidir, söhbət iki qohum xalqdan gedir. Bu hal Pekinin xoşuna gəlmir. Halbuki, Qazaxıstan Çinin daxili işlərinə qarışmır. Pekin Qazaxıstanda uyğurlarla bağlı keçirilən piketlərin qarşısının alınmasını tələb edir. Nur-Sultan bu tələbləri yerinə yetirmədiyinə görə də ona qarşı iqtisadi sanksiyalar tətbiq edilir.

Məsələni şərh edən politoloq Elxan Şahinoğlu deyir ki, Çindən Avropaya, Avropadan Çinə gedən mallar və vaqonlar sərhəddə saxlanılmır. Çin sərhədçiləri və gömrük xidməti ancaq Qazaxıstana məxsus malların keçidinə maneə yaradırlar.

– Bu Qazaxıstan iqtisadiyyatında ciddi fəsadlara yol açıb. Birincisi, məhsulları sərhəddə ilişən qazaxıstanlı biznesmenlərin itkiləri artır. İkincisi, məhsulların sərhəddə ilişməsi istər-istəməz Qazaxıstanda qiymətlərin artımına səbəb olur. Bu arada, Çinin bu ölkəyə yatırımlarının həcmi də azalır.

Hər iki ölkə Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. Görünür, Pekini bu az maraqlandırır və qonşusuna qarşı təzyiqi normal hal sayır. Ancaq haqlı sual yaranır: Bu necə təşkilatdır ki, bir üzv digər üzv dövləti sıxışdırmağa çalışır? Pekin üçün əvvəlki illərdə ticarət və iqtisadi əməkdaşlıq əsas amil idi, indi isə maliyyəsi o qədər çoxalıb ki, siyasi iddialar əsasında qonşularını sıxışdırmağı lazım bilir. Qazaxıstan hər zaman böyük Çin bazarındam istifadə edib, idxal-ixrac əməliyyatları həyata keçirib. İndi isə Pekin faktiki Nur-Sultana ultimatum elan edib: “Əgər əməkdaşlıq etmək istəyirənsə mənim istək və tələblərimi qəbul edəcəksən”. Rəsmi Nur-Sultan hələ ki, müqavimət göstərir.

Politoloq deyir ki, Çinin bir başqa tələbi Qazaxıstanın torpaq sahələrini kirayə götürməkdir. Bu istək qazaxıstanlıların narazılığına səbəb olub və zaman-zaman toqquşmalar qeydə alınıb.

– Qazaxıstanın baş naziri mövcud vəziyyətlə bağlı çinli həmkarına məktub göndərib. Pekinin izah belədir ki, guya pandemiya səbəbindən sərhəddə məhdudlaşdırılmaya gedilib. O zaman sual yaranır: bəs sərhəd niyə tək Qazaxıstan məhsullarına qapalıdıb? Axı Avropa ilə Çin arasındakı ticarətə pandemiya mane olmur, əksinə Çinlə Avropa arasındakı tranzit getdikcə artır.
Pandemiya bəhanədir. Çin Qazaxıstanı özünə siyasi və iqtisadi müstəvidə tabe etdirmək istəyir və bu siyasətini Qazaxıstanı blokadaya almaqla həyata keçirməyə çalışır. Görək, Qazaxıstan Çinin bu təzyiqinə nə qədər dözəcək?

Qazaxıstanın iki yolu var: Ya Pekinin istəklərinə baş əymək, ya da iqtisadiyyatı şaxələndirərək Çindən asılılığını azaltmaq. Birinci yol Qazaxıstanın müstəqlliyinin azalmasına, ikinci yol Mərkəzi Asiyanın əsas dövləti kimi məhrumiyyətlərdən keçərək güclənməsinə aparacaq.

Son xəbərlər
Digər xəbərlər