Rəsmi Pekin ABŞ-ın Çin rəsmilərinə sanksiya tətbiq etməsi qərarından sonra, ölkənin Sincan Uyğur muxtar regionu ilə əlaqədar kobud fəaliyyətləri olan ABŞ qurumlarına və şəxslərinə cavab tədbirləri barədə “vədini” yerinə yetirməyə başlayıb.
Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Hua Çunyin iyulun 13-də gündəlik mətbuat konfransında Pekinin ABŞ-ın 4 vəzifəli şəxsinə və bir qurumuna sanksiyalar tətbiq etməyə başladığını bildirib. Çinin sanksiya tətbiq etdiyi şəxslər senatorlar Marko Rubi və Ted Kruz, konqresmen Kris Smit və Dövlət Departamentinin beynəlxalq dini azadlıq məsələləri ilə məşğul olan xüsusi tapşırıqlar üzrə səfiri Səm Brounbəkdir. Bundan başqa, ABŞ Konqresinin Çin üzrə komitəsinə də sanksiyalar tətbiq olunacaq.
Qeyd edək ki, iyulun 9-da ABŞ Maliyyə Nazirliyi Çinin Sincan-Uyğur muxtar regionunda “etnik azlıqların insan hüquqlarının ciddi pozulmasına görə” Çinin bir dövlət qurumuna və 4 vəzifəli şəxsinə sanksiyalar tətbiq etməyə başlayıb. Vaşinqton həmin sanksiya qərarını insan hüquqlarının və qanunun aliliyinin pozulmasına görə, məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyaları nəzərdə tutan “Maqnitski qanunu” ilə əsaslandırıb.
Çin XİN ABŞ-ın həmin qərarına sərt etiraz edərək, Sincan məsələsinin Çinin tam daxili işi olduğunu və ABŞ-ın buna müdaxilə etməyə ixtiyarı olmadığını bəyan edərək, Birləşmiş Ştatları səhv qərarlarını ləğv etməyə çağırıb, əks təqdirdə cavab addımları atılacağını bəyan etmişdi.
AzərTac