Bazar günü Çinin dövlət təhlükəsizliyi naziri Çen İsin “Çin Kiberməkanı” jurnalında məqalə dərc edib. Nəşr ölkənin əsas internet tənzimləyicisi olan Çin Kiberməkan Administrasiyasının himayəsi altında fəaliyyət göstərir.
Çen məqaləsində süni intellektin Pekin üçün yaratdığı altı əsas təhlükəni sadalayıb. O, birinci yerə “dövlət hakimiyyətinin təhlükəsizliyi”ni qoyub.
Nazirin sözlərinə görə, “müxtəlif düşmən qüvvələr və zərərli aktorlar generativ süni intellekt texnologiyalarından, o cümlədən audio və video dipfeyklərdən, neyron şəbəkələr tərəfindən yaradılmış şəkil və mətnlərdən, eləcə də internet bot ordularından fəal şəkildə istifadə edərək minimum xərclə və böyük miqyasda siyasi şayiələr yayırlar”.
Çen bildirib ki, bu alətlər “zərərli məlumatların yayılmasına, düşmənçilik əhvalının qızışdırılmasına, həmçinin informasiya və koqnitiv müharibənin aparılmasına” imkan verir və bununla da Çinin siyasi, institusional və ideoloji təhlükəsizliyinə birbaşa təhdid yaradır.
Nazir daha beş böyük riski də qeyd edib. Bunlardan biri kritik infrastruktura təhlükədir: Mythos kimi güclü modellərin imkanlarından istifadə kiberhücumların maksimum effektivliklə həyata keçirilməsinə şərait yarada bilər.
Digər risk genişmiqyaslı məlumat sızmalarıdır. Çində süni intellekt istifadəçiləri və xarici xüsusi xidmət orqanları kritik dövlət məlumatlarına, kommersiya sirlərinə və ya vətəndaşların şəxsi məlumatlarına çıxış əldə edə bilərlər.
Çen həmçinin monopoliyalar və qapalı sistemlər səbəbindən texnoloji inkişafda balansın pozulmasını təhlükə hesab edir. Onun sözlərinə görə, ayrı-ayrı dövlətlər milli təhlükəsizliyin qorunmasını əsas gətirərək süni intellekt sahəsində üstünlüklərindən təchizat zəncirlərini parçalamaq üçün istifadə edə bilərlər.
Bundan əlavə, süni intellekt sosial idarəetmə sistemi üçün problemlər yarada və ictimai asayişin pozulmasına səbəb ola bilər.
Nazirin qeyd etdiyi son böyük risk isə müharibənin aparılması prinsiplərinin köklü şəkildə dəyişməsidir. Süni intellekt əsasında yüksək dəqiqlikli hədəfləmə sistemləri döyüş meydanında rəqibə ciddi üstünlük verə bilər.
Tənzimləmənin gücləndirilməsi “bütün bəşəriyyətin rifahı naminə”
Çen İsin süni intellektin inkişafı üçün sərt “sərhədlərin” müəyyənləşdirilməsini dəstəkləyib. Bu isə faktiki olaraq dövlətin sektora nəzarətinin gücləndirilməsini nəzərdə tutur.
Nazirin fikrincə, Pekin “təhlükəsizlik risklərinin qarşısının alınması və onlara nəzarət sisteminin yaradılmasını sürətləndirməlidir”. O bildirib ki, Çin “effektiv idarəetmə” vasitəsilə süni intellektin “sağlam və nizamlı inkişafını” təşviq etməlidir.
Çen həmçinin süni intellekt texnologiyalarının “bütün bəşəriyyətin rifahına yönəlmiş şəkildə” inkişaf etdirilməli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, dünya dövlətləri “hegemonizmə, texnoloji baryerlərə və qapalı bloklara qətiyyətlə qarşı çıxmalı”, eyni zamanda süni intellekt sahəsində “ədalətli və açıq beynəlxalq qaydalar sisteminin” yaradılması üzərində işləməlidirlər.
Çenin açıqlamaları Çin lideri Si Cinpinin bazar günü Nyu-Dehlidə keçirilən BRICS sammitində texnologiyaların tənzimlənməsini dəstəkləyən bəyanatı ilə eyni vaxta təsadüf edib.
“Biz insanı mərkəzə qoymalı, süni intellekti rifah naminə inkişaf etdirməli və yeni texnologiyaların ümumi firavanlığa yol açması üçün konsensusa əsaslanan qlobal süni intellekt idarəetmə sisteminin formalaşdırılmasını sürətləndirməliyik”, – Si Cinpin bildirib.
Çin rəhbərliyinin açıqlamaları ABŞ-də süni intellektin potensial fəlakətli riskləri ətrafında müzakirələrin gücləndiyi bir dövrə təsadüf edir. Ötən həftəsonu Dario Amodei, Sem Altman və İlon Mask qabaqcıl süni intellekt modellərinin hazırlanması tempinin azaldılması çağırışlarını dəstəkləyiblər.
Texnologiya şirkətlərinin rəhbərləri bu narahatlıqları bir sıra əməkdaşların ictimai xəbərdarlıqlarından sonra dilə gətiriblər. Həmin mütəxəssislər bildiriblər ki, süni intellekt məhsullarının inkişafı nəzarətsiz qalarsa, gələcəkdə onlar bəşəriyyətin əhəmiyyətli hissəsi üçün təhlükə yarada bilər.
Ən böyük rezonans doğuran hadisələrdən biri Anthropic tədqiqatçısı Ceykob Koksonun şirkətdən ayrılması olub. O bildirib ki, həm keçmiş işəgötürəni Anthropic, həm də ChatGPT-ni yaradan OpenAI “insanların həyatı ilə riskli oyun oynayır”.







