8 C
Baku
Thursday, January 8, 2026

Çin yuanı dünyada faiz gəliri gətirən ilk mərkəzi bank rəqəmsal valyutası olub

1 yanvardan etibarən Çin rəqəmsal yuanının (e-CNY) sahibləri öz vəsaitləri üzrə faiz gəliri əldə etməyə başlayacaqlar. Bu barədə Çin dövlət televiziyası məlumat verərək vurğulayıb ki, ölkə rəqəmsal valyutanın istifadəsini fəal şəkildə genişləndirir.

Beləliklə, e-CNY dünyada faiz gəliri gətirən ilk mərkəzi bank rəqəmsal valyutası olacaq. CCTV-nin qeyd etdiyi kimi, bu, “rəqəmsal puldan” “rəqəmsal depozitlərə” keçid deməkdir.

“Bu addım istifadəçilərin rəqəmsal yuana marağını artıracaq, onun tətbiq dairəsini genişləndirəcək və Çinin mərkəzi bankların rəqəmsal valyutaları sahəsində qlobal lider mövqeyini möhkəmləndirəcək”, — deyə dövlət telekanalı bildirib.

Hazırda rəqəmsal yuanın istifadəsi əsasən dövlət qurumları və şirkətlərlə məhdudlaşır. Çində geniş yayılmış “Alipay” və “WeChat Pay” platformaları vasitəsilə həyata keçirilən əməliyyatların əksəriyyəti hələ də e-CNY-dən istifadə olunmadan aparılır.

Çin Xalq Bankı ötən ay kriptovalyutalara qarşı qəti mövqeyini və steyblkoinlər ətrafında qeyri-qanuni fəaliyyətlə mübarizə aparmaq niyyətini bəyan edib.

Eyni zamanda mərkəzi bank öz rəqəmsal valyutasının təşviqi istiqamətində tədbirləri gücləndirir. Tənzimləyici rəqəmsal yuanın beynəlxalq istifadəsini təşviq etmək məqsədilə Şanxayda qlobal əməliyyat mərkəzi yaradıb. Bank həmçinin daha çox kommersiya bankının e-CNY ilə işləməsini dəstəkləməyi planlaşdırır.

Daha əvvəl Çin Xalq Bankı ilə əlaqəli “Financial News” nəşri mərkəzi bankın rəqəmsal yuanın idarə olunmasına dair strategiyanı açıqlamağı planlaşdırdığı barədə məlumat yayıb.

Qəzetin yazdığına görə, 1 yanvardan etibarən rəqəmsal yuanın ölçülməsi, idarə edilməsi, fəaliyyəti və ekosistemini tənzimləyən yeni sistem qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər