6 C
Baku
Sunday, December 15, 2024

Çində 2030-cu ilə qədər hər 3 avtomobildən 1-i elektromobil olacaq

Çinin magistral avtomobil yollarında 2030-cu ilə qədər demək olar ki, hər 3 avtomobildən 1-i, ABŞ və Avropa İttifaqında isə hər 5 avtomobildən 1-i elektromobil olacaq.

Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına əsasən, bu il dünyada satılan hər 5 avtomobildən 1-nin elektrik avtomobili olacağı gözlənilir və növbəti onillikdə artan tələbat qlobal avtomobil sənayesini yenidən quraraq neft istehlakını əhəmiyyətli dərəcədə azaldacaq.

Hesabata əsasən, qlobal elektromobil satışları bu ilin sonuna qədər 17 milyona çatacaq. Birinci rübdə satışlar ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25 faiz artıb. Bu ilin ilk üç ayında dünya miqyasında satılan elektromobillərin sayı 2020-ci ildə satılan ümumi elektromobillərin sayına bərabərdir.

Cari il Çində elektromobil satışlarının təxminən 10 milyona yüksələcəyi proqnozlaşdırılır ki, bu da ölkədəki bütün avtomobil satışlarının təxminən 45 faizini təşkil edir. ABŞ-da isə satılan hər 9 avtomobildən 1-nin elektromobil olacağı proqnozlaşdırılır. Avropada minik avtomobillərinin zəif satış proqnozlarına və bəzi ölkələrdə subsidiyaların mərhələli şəkildə ləğv edilməsinə baxmayaraq, elektromobillər satılan hər 4 avtomobildən 1-ni təşkil edəcək.

Bu artım 2023-cü ilin rekord göstəricisinə əsaslanır. Ötən il qlobal elektromobil satışları 35 faiz artaraq 14 milyona çatıb. Tələb əsasən Çin, Avropa və ABŞ-da olsa da, Vyetnam və Tayland kimi bəzi inkişaf etməkdə olan ölkələrin bazarlarında da artım sürətlənərək ümumi satılan avtomobillərin müvafiq olaraq 15 faiz və 10 faizini təşkil edib.

Ölkələrin elan etdiyi enerji və iqlim öhdəlikləri tam və vaxtında yerinə yetirilərsə, 2035-ci ilə qədər satılan hər 3 avtomobildən 2-si elektrik mühərrikli olacaq. Bu öhdəliklər avtomobillərdən tutmuş mikroavtobuslara, yük maşınlarına, avtobuslara, iki və üç təkərli avtomobillərə qədər sürətli tətbiq edilərək, gündə təxminən 12 milyon barel neft ehtiyacının qarşısını alır ki, bu da Çin və Avropadakı nəqliyyatda neftə olan cari tələbi qarşılayır.

Hesabata görə, ictimai elektrik enerjisi doldurma məntəqələrinin mövcudluğunu elektromobillərin satış tempinə uyğunlaşdırılması gələcək artım üçün çox vacibdir. Qlobal miqyasda quraşdırılmış bu məntəqələrin sayı 2022-ci ilə nisbətən 2023-cü ildə 40 faiz artıb. Bununla belə, hökumətlər tərəfindən verilən vədlərə uyğun olaraq, elektromobillərin sayının planlara uyğun artması üçün bu məntəqələr 2035-ci ilə qədər 6 dəfə artırılmalıdır. Eyni zamanda, enerjiyə tələbatın elektrik şəbəkələrində həddindən artıq gərginliyə səbəb olmaması üçün siyasi dəstək və diqqətli planlaşdırma lazımdır.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər