Çində neft qiymətləri rekord həddə çatıb

İran müharibəsi və Səudiyyə Ərəbistanında neft kəmərinin dayanması Çin bazarında qiymətləri tarixi maksimuma yüksəldib.

Banker.az Blommberg-ə istinadən xəbər verir ki, Çində WTI markalı neft üzrə fyuçerslərin qiyməti rekord həddə çatıb. Buna Səudiyyə Ərəbistanında əsas neft kəmərinin fəaliyyətinin dayanması, qlobal tədarükdə yaranan fasilələr və Çin neft emalı zavodlarının alışlarını artırması təsir edib.

Şanxay Beynəlxalq Enerji Birjasında bir barel neftin qiyməti 929,4 yuana, yaxud 138,50 dollara yüksəlib. Bu, kontraktların 2018-ci ildə ticarətə başlamasından bəri ən yüksək göstəricidir.

Çin bazarındakı qiymətlər adətən Oman və Murban kimi regional neft etalonlarının dinamikasını izləyir. Bu kontraktların qiyməti də son sessiyalarda bir barel üçün 126 dolları keçib. Bahalaşmanın əsas səbəbləri sırasında Səudiyyə Ərəbistanının neft kəmərində yaranmış fasilə və Çin alıcılarının bazardakı fəallığı göstərilir.

Qlobal bazarda Brent markalı neft də son ayların maksimumlarına yüksəlib. Səudiyyə Ərəbistanından tədarükdə problemlər, Yaxın Şərqdə davam edən qeyri-sabitlik və ABŞ-İran münaqişəsinin həllinə dair irəliləyişin olmaması qiymətləri dəstəkləyir.

Çinin “Chaos Ternary Futures” araşdırma şirkətinin qiymətləndirməsinə görə, ölkənin neft emalı zavodları yüksək qiymətlərə və bahalaşmış fraxt xərclərinə baxmayaraq xam neft alışlarını davam etdirir. Bu da Şanxay birjasında qiymətlərin beynəlxalq etalonlarla müqayisədə yüksək qalmasına səbəb olur.

Şanxay kontraktlarına nəqliyyat xərcləri də daxil olduğundan son dövrdə fraxt tariflərinin kəskin bahalaşması qiymətlərə əlavə təzyiq göstərir. Analitiklərin fikrincə, orta müddətdə ciddi ucuzlaşma yalnız geosiyasi deeskalasiya və ya qlobal iqtisadi zəifləmə halında mümkündür.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər