-3 C
Baku
Sunday, December 15, 2024

Çinin artan gücü fonunda Asiya – Sakit Okean bölgəsində yeni qütbləşmə meylləri – bloq

Asiya – Sakit Okean regionu misilsiz böyük əraziyə, nəhəng iqtisadi və əhali resurslarına, əksər nüvə dövlətlərinin burada yerləşməsinə görə dünyanın siyasi, iqtisadi, hərbi – strateji əhəmiyyətinə görə ən vacib bölgələrindən hesab olunur.

Bölgənin və dünyanın aparıcı dövlətlərindən biri olan Çinin qlobal, regional iddiaları, fəal xarici siyasət strategiyası bölgədə cərəyan edən geosiyasi, geoiqtisadi proseslərə yeni çalarlar gətirir. Çinin son illərdə xarici siyasətinin regional aspektlərinə, hərbi strategiyasına və artan iqtisadi gücünə qısa nəzər saldıqda görürük ki, son qırx ildə Pekinin əsas xarici siyasət hədəfi Asiya – Sakit Okean regionunda dominant mövqeyə malik olmaqdır.

Region dövlətlərindən Pekinin əsas gözləntilərindən biri Çini Qərblə olan münaqişələrdə, xüsusilə də iqtisadi, insan hüquqları, silahların yayılması və s. məsələlərdə dəstəkləməkdir.

Çinin qlobal nizamda fəal aktor olaraq həyata keçirdiyi xarici siyasət strategiyasının
əsasında dayanan amillərdən biri bu ölkənin malik olduğu nəhəng iqtisadi gücdür. Xüsusilə
də son otuz ildə Çinin sürətli iqtisadi inkişafı, artımı Pekinin xarici siyasət prioritetlərinin
müəyyənləşməsində əsas rol oynayır. Belə demək mümkündürsə, Çin həm qlobal, həm də
regional xarici siyasət hədəflərinin reallaşdırmasında iqtisadi amildən effektiv istifadə
etməyə çalışır. “Bir kəmər, bir yol” və digər meqa iqtisadi-ticari layihələr Pekinin qeyd etdiyimiz xarici siyasət hədəflərinin həyata keçirilməsinə xidmət edir. Dünyanın ikinci
böyük iqtisadiyyatına malik olan Çinin xarici ticarətində, nəhəng investisiya layihələrində
Asiya – Sakit Okean ölkələri xüsusi paya malikdir. Məsələn, 2020–ci ilin statistik
məlumatına görə Çinin Asiya – Sakit Okean ölkələri ilə ticari əlaqələri 2.87 trilyon dollar
dəyərində qiymətləndirilir ki, bu da bütövlükdə ölkənin xarici ticarətinin 62%-ni təşkil
edir. Bir faktı da əlavə etmək istərdim ki, Çinin region ölkələri üzərində iqtisadi təsiri
ildən ilə artır.

Beləliklə, Çinin son illərdə Asiya – Sakit Okean regionunda siyasi, iqtisadi, hərbi
təsirinin artması bölgədə Pekinin gücünü tarazlaşdırmağı hədəfləyən müəyyən
formatların, ittifaqların yaranmasına təkan vermişdir.

Onu da qeyd edək ki, Cənubi Çin Dənizi vacib geosiyasi, geoiqtisadi əhəmiyyətinə görə ABŞ – nin regional geostrategiyasında olduqca mühüm yer tutur. Belə ki, Cənubi Çin Dənizi dünya ölkələri arasında ticari əlaqələrin reallaşmasında fövqəladə əhəmiyyət daşıyır. Məsələn, qlobal ticarətin həcminə görə 80%, dəyərinə görə isə 70% dəniz suları ilə həyata keçirilir ki, bunun da 60% Cənubi Çin Dənizindən keçən gəmilərin payına düşür. Dünyanın ən nəhəng iqtisadiyyatına malik bir sıra dövlətlərinin regionda yerləşməsi Cənubi Çin Dənizinin tranzit əhəmiyyətini xeyli artırmışdır. Hesablamalara görə, Cənubi Çin Dənizində
illik 5.3 trilyon dollar dəyərində ticarət həyata keçirilir. Həmçinin, Cənubi Çin Dənizi xeyli
sayda neft və qaz yataqlarına da malikdir.

Bu ilin martında QUAD ölkələri liderləri toplantısında bəyannamə qəbul olunmuşdur və həmin sənəddə, Hind – Sakit Okean regionunun açıq və azad olmasının vacibliyi qeyd olunmuşdur. Eyni zamanda, Çinin regionda dominantlığını qəbul etməyən bölgə dövlətləri də ikitərəfli müstəvidə əlaqələrini inkişaf etdirməyə çalışır. Buna misal olaraq, Yaponiya – Hindistan, Yaponiya – Cənubi Koreya və s. dövlətlərin strateji tərəfdaşlıq münasibətlərini qeyd etmək olar. Qeyd edək ki, ikitərəfli müstəvidə inkişaf etdirilən münasibətlər təhlükəsizlik və müdafiə ilə yanaşı iqtisadi sahəni də əhatə edir. Çinin regionda hegemonluğuna qarşı olan dövlətlərin iqtisadi sahədə əməkdaşlığının əsas məqsədi Pekinin bölgədə iqtisadi təsirini azaltmaqdan ibarətdir. Nəhayət, son aylarda meydana çıxan və regionda geosiyasi, hərbi – strateji proseslərə təsir imkanları olan yeni ittifaq AUKUS-dur.

Son aylarda üç dövlətin (ABŞ, Böyük Britaniya, Avstraliya) yeni birlik formatı kimi yaradılan AUKUS-un yaradılmasını yeni dünya nizamı quruculuğu kontekstində baş verən proseslərinin nəticələrindən biri kimi qəbul etmək olar. Asiya – Sakit Okean regionunda Çinin artan siyasi, hərbi, iqtisadi gücü və iddiaları həm regional, həm də bəzi qlobal gücləri ciddi narahat etməkdədir. Məhz bu narahatlığın nəticəsi olaraq ABŞ, Böyük Britaniya kimi qlobal, Avstraliya kimi regional güclərlə yeni müdafiə ittifaqı qurmağa nail oldu. Eyni zamanda, regionda Çinin artan gücünə qarşı olan dövlətlər də AUKUS-un yaradılmasını Pekinin üstün mövqeyinə qarşı tarazlaşdırıcı addımlardan biri kimi qəbul edirlər.

Yazıda əks olunmuş fikirlər siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasının dosenti Mətin Məmmədliyə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər