Çinin maliyyə sektorunda sistem əhəmiyyətli risklərin yaranması ehtimalı bu gün də var və gələcəkdə də yüksək olaraq qalmağa davam edəcək. “RİA Novosti” agentliyinə istinadən, bu açıqlama ilə Çin Xalq Bankının (Mərkəzi Bank, PBOC) rəhbəri Çjou Syaoçuan çıxış edib.
PBOC rəhbəri Bankın rəsmi saytında bildirib ki, “hazırda maliyyə sistemimiz kifayət qədər sabitdir. Lakin indi və gələcəkdə risklərin ortaya çıxması ehtimalı pik həddə çatıb”.
Syaoçuana görə, müxtəlif daxili amillər – gizli, kompleks şəkilli, struktur disbalansla bağlı risklər səbəbindən potensial və gizli risklər artmağa davam edir. Bu da maliyyə sisteminin həssaslığını artırır: “Əsas məsələ çətin proqnozlaşdırılan və nəticəsinin proqnozlaşdırılması mürəkkəb olan hadisələrin meydana gəlməsinin önlənməsidir”.
Əsas risklər likvidlik, korporativ kreditlər, yerli idarəetmə orqanlarının borcları və “kölgə” bank sistemi ilə bağlıdır. Syaoçuan hesab edir ki, dövlət müəssisələri irihəcmli kreditlərə sahibdir, bəzi müəssisələrdə isə borcların bağlanmasında yavaşlama müşahidə olunmağa başlayıb. “Həmçinin, bank sistemində problemli kreditlərin həcmi artmağa başlayıb. Bu isə bankların kapital adekvatlığına zərbə vurur və risklərə qarşı həssas olmasına gətirib çıxarır”.
“Report”un analitik qrupu bildirir ki, Çinin maliyyə sistemində problemlər ölkədə dolların məzənnəsinin tədricən artmasına gətirib çıxarır. Belə ki, sentyabr ayının 7-də 6,4390 CNY/USD olan məzənnə hazırda 3,1% artaraq 6,64 CNY/USD təşkil edir. Lakin məzənnənin cari səviyyəsi hələ də 2017-ci ilin ilk iş günündə qeydə alınan 6,9640 CNY/USD səviyyəsindən 4,6% aşağıdır. Analitik qrup ilin sonuna qədər yuanın daha 2-3% ucuzlaşaraq məzənnənin 6,80 CNY/USD-yə yüksələcəyini proqnozlaşdırır.