Çinin Suçjou şəhərində yaşayan gənc mühasib qadın dövlətə məxsus tibbi müəssisənin hesabından külli miqdarda məbləğ oğurlayıb internet-streamerlərə “hədiyyə etməkdə” günahlandırılır.
Bu haqda məlumatı Çinin Global Times nəşri məlumat verib. Gənc qız ümumilikdə sağlamlıq mərkəzinin hesabından 1,64 milyon yuan (təqribən 238 000 dollar) oğurlayıb. O bu pullara virtual valyuta və hədiyyələr alaraq online yayım edən yaraşıqlı oğlanlara göndərib.
Şəhər müstəntiqinin verdiyi məlumata görə, Ni soyadlı 27 yaşlı çinli qız 2015-ci ildə Suçjou dövlət sağlamlıq mərkəzində mühasib olaraq işləməyə başlayır. Tezliklə mərkəzin hesabından pullar itməyə başlayır. Məhkəmə materiallarında bildirilir ki, Ni reseptlərdə imzaları saxtalaşdırır və saxta hesablar yaradırdı. Nəticədə o 1 il ərzində 1,64 milyon yuan qarət edib.
Məhkəmənin qərarına görə, Ni 5 illik həbs cəzasına və 340 000 yuan (təqribən 50 000 dollar) cərimə ödəməyə təhkim edilib.
Bu Çində ilk belə hal deyil. Nəşrin verdiyi məlumata görə, bu yaxınlarda 14 yaşlı oğlan ailəsinin bütün əmanətini oyun streamerlərinə hədiyyə almağa sərf edib.