Brent markalı neftin qiyməti 2026-cı ilin sonuna qədər bir barel üçün 60 dollara qədər enə bilər. Bu barədə “Bloomberg” agentliyi “Citigroup” analitiklərinə istinadən məlumat yayıb.
Bankın ekspertlərinin qiymətləndirməsinə görə, Hörmüz boğazı vasitəsilə gəmiçilik tədricən adi rejimə qayıdır və fiziki neft bazarı nəzərəçarpacaq dərəcədə zəifləyib. Analitiklər mümkün yay qiymət artımından satış üçün istifadə etməyi tövsiyə edir və ilin sonuna Brent neftinin qiymətinin bir barel üçün 60-65 dollar təşkil edəcəyini proqnozlaşdırırlar.
“Bloomberg” qeyd edir ki, Hörmüz boğazı vasitəsilə tədarüklərin bərpasından sonra qlobal enerji bazarları sürətlə sabitləşir ki, bu da neft təklifini artırır.
Oxşar proqnozlar daha əvvəl “Goldman Sachs” və “Morgan Stanley” tərəfindən də təqdim edilib. Hər iki bank qlobal neft bazarında təklif artıqlığının formalaşması riskinə diqqət çəkib.







