CNN: Tramp İranla müharibəni yenidən başlada bilər

ABŞ prezidenti Donald Tramp İran əleyhinə genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması imkanını nəzərdən keçirir. Bu barədə CNN məlumat yayıb.

“Trampın “tamamilə qəbuledilməz” və “axmaq” adlandırdığı İranın son reaksiyası bir neçə rəsmidə Tehranın ciddi danışıqlar mövqeyi tutmağa hazır olub-olmaması ilə bağlı şübhələr yaradıb”, — CNN danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən yazır.

Nəşrin qeyd etdiyinə görə, Tramp Hörmüz boğazının bağlanmasından və İran rəhbərliyindəki parçalanmadan narazıdır. Bu parçalanma Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda güzəştə getməsinə mane olur.

CNN aprelin 21-də yazmışdı ki, İranın siyasi rəhbərliyində fikir ayrılıqları ola bilər. Söhbət parlament sədri Mohammad Baqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və İslam Keşiçiləri Korpusu arasında fikir ayrılıqlarından gedir.

İran prezident administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mohammad Mehdi Tabatabai isə parçalanma ilə bağlı iddiaları “İran düşmənlərinin təbliğat oyunu” adlandırıb.

CNN mənbələrinin iddiasına görə, Ağ ev administrasiyası iki düşərgəyə bölünüb. Pentaqon nümayəndələri İrana qarşı daha sərt yanaşmanı dəstəkləyirlər. Hərbçilər iranlıları danışıqlar masasına oturtmaq üçün nöqtəvi zərbələrin endirilməsinin tərəfdarıdırlar. Administrasiyanın digər nümayəndələri isə diplomatik həllin davam etdirilməsində israr edirlər.

2026-cı il martın 25-də “The Times of Israel” İranla müharibənin dayandırılması üçün irəli sürülən 14 şərti dərc etmişdi. ABŞ-nin tələblərinə əsasən, İran nüvə silahından imtina etməli və onun gələcək istehsalını dayandırmalıdır. Natanz, İsfahan və Fordodakı atom elektrik stansiyaları sökülməli, Hörmüz boğazı isə açıq dəniz dəhlizi kimi fəaliyyət göstərməlidir.

2026-cı il aprelin 8-də Pakistanın vasitəçiliyi ilə İran və ABŞ iki həftəlik atəşkəs razılaşması əldə ediblər. Bununla belə, ABŞ Hörmüz boğazını bloklamaqda davam edir, İran isə Tehranın icazəsi olmadan keçməyə çalışan kommersiya gəmilərinə hücum edir.

Mayın 11-də Tramp İran tərəfinin irəli sürdüyü sülh şərtlərini tənqid edib. ABŞ prezidentinin fikrincə, İranla atəşkəs rejimi “süni həyat təminatı” hesabına mövcuddur.

Son xəbərlər
Digər xəbərlər