ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqdə yerləşdirilən hərbi qüvvələrin xidmət müddətini uzadır.
Banker.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın məlumat yayıb.
Bu qərar Vaşinqtonun İranla qarşıdurmanın 2027-ci ilə qədər davam edə biləcəyini nəzərə aldığını göstərir.
Hazırda bölgədə təxminən 50 min ABŞ hərbçisi, 19 hərbi gəmi, hava hücumundan müdafiə bölmələri, qırıcı eskadrilyaları və desant qüvvələri saxlanılır. Mənbələr bildirir ki, bu qüvvələr İran raket və dronlarının qarşısının alınması, Hörmüz boğazında kommersiya gəmilərinin mühafizəsi, İran limanlarının blokadası və mümkün yeni hücum əməliyyatlarına hazırlıq kimi missiyalar yerinə yetirir.
ABŞ müdafiə naziri Pit Heqsethin qərarları bəzi bölmələrin standart xidmət müddətinin uzadılması ilə nəticələnib. Xüsusən hava hücumundan müdafiə qüvvələrinin doqquz aylıq rotasiyası 12 aya qədər artırılıb. Bəzi bölmələrin isə artıq bir ildən çoxdur bölgədə olduğu bildirilir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədə iki aviadaşıyıcı və 13 idarəolunan raket daşıyan esminesi var. Uzunmüddətli yerləşdirmə şəxsi heyətin yüklənməsini artırmaqla yanaşı, gəmilərin texniki xidmətini çətinləşdirir və başqa regionlarda ABŞ hərbi mövcudluğunun zəifləməsi riskini yüksəldir. Təchizat imkanlarının məhdudlaşması da dənizçilərin gündəlik şəraitinə təsir göstərir.
Məlumata görə, 82-ci Hava-Desant Diviziyasının bəzi bölmələri də 2027-ci ilə qədər Yaxın Şərqdə qala bilər. Ağ Ev isə Prezident Donald Trampın İranla bağlı hərbi variantları açıq saxladığını bildirir. Trampın müşavirləri ilə müharibənin başa çatdığını elan etmək ehtimalını da müzakirə etdiyi qeyd olunur.
WSJ yazır ki, Tramp paralel olaraq iqtisadi təzyiqin Tehranı danışıqlara və nüvə proqramı ilə bağlı güzəştlərə məcbur edə biləcəyinə inanır. Lakin Tehran geri çəkilmək niyyəti göstərmir.






