3 C
Baku
Saturday, December 14, 2024

COVID-19 pasportunun olması tələbi hotel və restoranların işinə necə təsir edib?

Sentyabrın 1-dən hotel və restoranlara giriş üçün vətəndaşlardan COVID-19 pasportu tələb olunur. Oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə bu obyektlərə daxil ola biləcəklər.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi “Report”a açıqlamasında bildirib ki, sözügedən tələblə bağlı polis tərəfindən bir sıra obyektlərdə yoxlamalar aparılıb:

“Bəzi obyektlərdən belə məlumatlar alırıq ki, orada Daxili İşlər Nazirliyinin əməkdaşları yoxlamalar aparıb. Bəzi hallarda bir müddət obyektdə qalaraq orda nə baş verdiyinə nəzarət ediblər. Polis işçisinin obyektdə olması müştərinin müəyyən qədər həyəcan keçirməsinə gətirib çıxara bilər. Düşünürəm ki, bu yoxlamalar bizneslərə ziyan gətirməməlidir və məhdudiyyətlər barədə detallı açıqlamalar verəndən sonra yoxlamalara başlamaq lazımdır.

Ola bilər ki, bəzi hallarda hansısa obyektdə müəyyən qayda pozuntusu aşkarlansın. Bu zaman bəzi amilləri nəzərə alaraq həmin müəssisəyə güzəştə getmək olar. Həmin obyektə birinci dəfə cərimə tətbiq etməmək, yalnız xəbərdarlıq etmək və ya əlavə maarifləndirmə tədbirləri aparmaq mümkündür. Çünki bilirik ki, bu dəqiqə turizm sənayesinin vəziyyəti o qədər də yaxşı deyil”.

Assosiasiya rəhbəri qapalı məkanlarda xidmət göstərilməsinə dair qəbul edilən yeni qərarlarda sual doğuran məqamlara toxunub:

“Qapalı yerlərdə xidmətin göstərilməsinə dair yeni qadağalar var. Belə başa düşülür ki, açıq ərazilərdə, məsələn hotel və restoranların, ticarət mərkəzlərinin terraslarında COVID pasportu tələb olunmadan xidmət göstərmək imkanı var. Amma insanlar əlini yumağa getmək və ya sanitar qovşağa üz tutmaq istəyən zaman nə etsin? Onların ora daxil olmaq icazəsi yoxdur. Digər tərəfdən, mobil tətbiq normal çalışmır. “QR” kodlar düzgün oxunmur. Həmçinin bu tətbiq “İOS” proqramında işləmir. Yalnız “Android” proqramında işləyir. Buna görə də müəssisələrin bəziləri məcburdur ki, yeni əlavə smartfon cihaz alsınlar. Bu da əlavə xərcdir. Bunları düşünmək lazım idi.

Sentyabrın 1-i saat 00:00-dan tələb olunur ki, hotellərdə heç bir müştəri qalmasın. Bunun nəyə istinadən və hansı qanunla edildiyi məlum deyil. Nazirlər Kabinetinin iqtisadi sektorlara aid qərarları həmin sektorların nümayəndələrinin iştirakı ilə hazırlanmalıdır. Biz başa düşürük ki, bütün qərarlar insan sağlamlığını qorumağa yönəlib, amma biznesin də maraqlarını qorumaq lazımdır. Turizm sahəsindəki bir sıra biznes subyektləri sərt karantin dövrünü haradasa ayaq üstə qala bildilər. İndi onlara yardımçı olmaq lazımdır ki, bizneslərini inkişaf etdirsinlər”.

S.Dübəndi bildirib ki, restoranlara gələn xarici vətəndaşların da COVID pasportunun yoxlanılması məsələsi sual altında qalır:

“Onların bəziləri öz ölkələrində vaksin olunublar və bu barədə məlumatlar həmin ölkədəki hansısa sistemdədir. O sistemdəki məlumatların bizim sistemə inteqrasiyası yoxdur. Bəs onda necə olacaq? Bir çox restoranların xarici müştəriləri var. Onların bir qismi Azərbaycanda bir müddətdir ki, yaşayan xaricilərdir. Hansı ki, burda müxtəlif müəssisələrdə çalışırlar. Bundan əlavə ölkəyə az da olsa, turist gəlişi var. O turistlərin yoxlanışı necə olacaq və bunun məsuliyyətini kim daşıyacaq?”

Son xəbərlər
Digər xəbərlər