Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nı təsdiqləyib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qaydalar Azərbaycanda dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınmasının təşkili və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Şəhərətrafı qatarda 7 yaşınadək uşaqlar yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə pulsuz, 7 yaşdan böyük uşaqlar gedişhaqqı ödənilməklə daşınacaq.
Rayonlararası (şəhərlərarası) sərnişin qatarında isə 10 yaşınadək uşaqların yetkinlik yaşına çatmış sərnişinin müşayiəti olmadan daşınmasına yol verilməyəcək, yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə ayrıca yer tutmadan gediş sənədi rəsmiləşdirməklə 5 yaşınadək bir uşaq pulsuz aparılacaq.
7 və 10 yaşınadək uşaqlar müşayiət olunmadıqda daşıyıcının nümayəndələri tərəfindən ən yaxın dəmiryol vağzalında və ya məntəqədə polisə təhvil veriləcək.
Bundan başqa, şəhərətrafı qatarın 20 dəqiqədən çox ləngiməsi və ya hərəkətinin ləğvi ilə əlaqədar istifadə edilməyən gediş sənədi (bilet) qaytarıldıqda sərnişin tam gediş haqqını geri almaq hüququ var. Belə hallarda sərnişinin əlavə olaraq gedilməyən məsafə üzrə boş yer olduğu təqdirdə növbəti qatarla təyinat nöqtəsinə və ya əks istiqamətli qatarla başlanğıc nöqtəsinə (geri qayıtma) daşınmasını tələb etmək hüququ var.