18 C
Baku
Thursday, April 18, 2024

Dəyişikliklərdən sonra vergi ödəyicilərinin hesabatlılığı hansı formadadır?

Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdə müəyyən müddəalara görə vergi ödəyiciləri üçün hesabatlılıq, vergilərin ödənilməsi müxtəlifdir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinə əsasən, vergi ödəyiciləri aşağıda göstərilən formalarda fəaliyyət göstərirlər:

  • ƏDV, eyni zamanda mənfəət vergisi ödəyiciləri;
  • mənfəət vergisi ödəyicisi olan, amma ƏDV ödəyicisi olmayan vergi ödəyiciləri;
  • sadələşdirilmiş vergi ödəyiciləri;
  • mənfəət və ya gəlir vergisi ödəyiciləri olan mikro sahibkarlar;
  • sadələşdirilmiş vergi ödəyiciləri olan mikro sahibkarlar;
  • ƏDV, eyni zamanda gəlir vergisi ödəyiciləri olan fərdi sahibkarlar;
  • gəlir vergisi ödəyicisi olan, amma ƏDV ödəyicisi olmayan fərdi sahibkarlar.

Göründüyü kimi, pandemiyanın təsirinə məruz qalan vergi ödəyiciləri müxtəlif formalarda fəaliyyət göstərirlər və buna görə də onların hesabatlılığı və vergilərin ödənişi məsələləri də fərqlidir. Pandemiya ilə bağlı Vergi Məcəlləsində ediləcək dəyişikliklərdə bütün növ vergi ödəyiciləri üçün zəruri məsələlər öz həllini tapıb. Başqa sözlə, həm mənfəət vergisi, həm gəlir vergisi, həm də sadələşdirilmiş vergi ödəyiciləri üçün güzəştlər nəzərdə tutulub.

Dəyişikliklərdəki maraqlı məqamlardan biri də budur ki, hesabatların təqdim edilməsi və vergi ödəmələrinin həyata keçirilməsində 2020-ci illə yanaşı, 2019-cu ilə də aid müddəalar vardır. Ona görə də sahibkarlar qanun layihəsindəki bəzi məqamlara diqqət yetirməlidirdər. Layihədə göstərilir: “Müvəqqəi vergi rejiminin tətbiq edildiyi mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə mənfəət (gəlir) və əmlak vergisi hesabatlarını müvafiq olaraq bu Məcəllənin 149.2-ci və 201.5-ci maddələrinə əsasən təqdim edir, hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödəyirlər”.

“Mikro sahibkarlıq subyektləri 2020-ci ilin birinci və ikinci rübləri üzrə bu Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuş hesabatı, habelə bu Məcəllənin 149.2-ci və 201.5-ci maddələrində nəzərdə tutulmuş hesabatları cari ilin sentyabrın 1-dək vergi orqanlarına təqdim edir və hesablanmış vergini cari ilin sentyabr 1-dən gec olmayaraq ödəyirlər”.

Bu məsələlərə aydınlıq gətirmək üçün misallara baxaq.

Misal 1: Tutaq ki, “AA” MMC mikro sahibkarlıq subyekti deyildir, kiçik sahibkardır və hələ mənfəət və əmlak vergisi hesabatlarını təqdim etməyib. Nəzərdə tutulan tətillər “AA” MMC-yə olmalıdırmı?

MMC 2019-cu il üçün mənfəət vergisi və əmlak vergisi bəyannamələrini 31 mart 2020-ci il tarixinə kimi təqdim etməli idi. Pandemiya ilə bağlı bir sıra sahibkarlıq subyektlərinə hesabatlarının son təqdim edilmə tarixi 31 may 2020-ci ilə kimi uzadılıb.

Ola bilər ki, “AA” MMC 2019-cu ilə aid mənfəət vergisini hələ ödəməyib. Bu halda dəyişikliklər qüvvəyə mindikdən sonra “AA” MMC 2019-cu ilin mənfəət və əmlak vergisini 1 sentyabr 2020-ci ilə kimi ödəyə bilər.

Misal 2: Tutaq ki, “BB” MMC mikro sahibkarlıq subyektidir və hələ də mənfəət və əmlak vergisi hesabatlarını təqdim etməyib. Nəzərdə tutulan tətillər “BB” MMC-yə aid olmalıdırmı?

Bu misalda “BB” MMC 2019-cu il üçün mənfəət və əmlak vergisi bəyannamələrini 31 mart 2020-ci il tarixinə kimi təqdim etməlidir. Hazırda, pandemiya ilə bağlı sahibkarlıq subyektləri üçün hesabatların son təqdim edilmə tarixi 31 may 2020-ci ilə kimi uzadılıb.

Əlavə sual meydana çıxa bilər ki, mikro sahibkarlıq subyektləri əmlak vergisi hesabatını təqdim etməldirilərmi? Bəli, bəyannamə təqdim olunmalıdır və Məcəllənin 199-cu maddəsinə əsasən, azadolma bəyannamədə qeyd edilməlidir.

Ola bilər ki, “BB” MMC 2019-cu ilə aid mənfəət vergisini hələ ödəməyib. Dəyişikliklər qüvvəyə minəndən sonra “BB” MMC 2019-cu ilin mənfəət vergisini 1 sentyabr 2020-ci ilə kimi ödəyə bilər.

Misal 3: Tutaq ki, “CC” MMC mikro sahibkarlıq subyektidir, amma sadələşdirilmiş vergi ödəyicisidir. Nəzərdə tutulan tətillər “CC” MMC-yə aid olmalıdırmı?

“CC” MMC sadələşdirilmiş vergi ödəyicisi olduğundan 2019-cu il üçün 4-cü rübə aid sadələşdirilmiş vergi bəyannaməsinin vaxtında, yəni 21 yanvar 2020-ci ilə kimi təqdim etməlidir və bu həm də verginin son ödənilmə tarixidir.

2020-ci ilin birinci rübünə aid sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməmişdirsə, həmin bəyannaməni 1 sentyabr 2020-ci il tarixinə kimi təqdim edə bilər. Bundan əlavə, 2020-ci ilin ikinci rübünə aid sadələşdirilmiş vergi bəyannaməsini də 20 iyul 2020-ci ilə kimi yox, 1 sentyabr 2020-ci ilə kimi təqdim edə bilər və bu həm də verginin son ödənilmə tarixidir.

Bu məsələlər fərdi sahibkarlar üçün də yuxarıdakı misallarda nəzərdən keçirdiyimiz kimidir.

Qeyd etmək istərdim ki, mikro sahibkarlıq subyekti olan mənfəət və gəlir vergisi ödəyiciləri üçün pandemiya ilə bağlı vergi məbləğlərinə və vergi faizlərinə əlavə güzəştlər nəzərdə tutulmayıb. Onsuz da qanunvericilikdə mikro sahibkarlara vergi məsələlərində kifayət qədər güzəştlər vardır. Sadələşdirilmişvergi ödəyicilərinə isə 50 faiz güzəşt nəzərdə tutulub, bu verginin dərəcəsi 2 faizdən 1 faizə endirilib.

Müəllif: Altay Cəfərov

Son xəbərlər
Digər xəbərlər