21 C
Baku
Monday, April 29, 2024

Depozit gəlirlərini vergidən tam necə azad etmək olar?

“Yanvarın 1-dən etibarən fiziki şəxslərin banklarda olan depozit gəlirlərinə vergi güzəştləri qüvvəyə minib”.

Banker.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov “Facebook” hesabında deyib.

O bildirib ki, fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən tamamilə azad olunacaq:

“Bu müddətdən az dövrdə bankda saxlanan əmanətlər üzrə isə aylıq 200 manat gəlir vergidən azaddır.

Yəni, iki halda vətəndaşlar gəlir vergisi ödəməyəcək. Birincisi, əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200 manatdan çoxdursa, bu məbləğədək olan hissəsi gəlir vergisindən azad olunacaq.
Misal üçün əgər vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2400 manat, aylıq gəliri isə aylıq gəliri isə 200 manatdır. Yəni, bu o deməkdir ki, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən azad ediləcək. Amma əgər vətəndaş 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır və bu məbləğdən 2400 manat çıxılır, qalan hissə 10 faiz gəlir vergisinə cəlb edilir. Bu halda vətəndaşın ödədiyi cəmi vergi 60 manat olur.

Burada digər sual aylıq depozit gəliri 200 manatdan çox olan vətəndaşlarımız vergi güzəştlərindən necə tam istifadə etməsi ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən, fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azaddır. Bu o deməkdir ki, əgər vətəndaşın 50 min manat pulu varsa və onu 8 faizlə depozit kimi yerləşdirərsə onu illik gəliri 4 min manat olacaq. Həmin vəsait bir bankda yerləşdirilərsə o zaman 4 min manatlıq gəlirin 1600 manatı vergiyə cəlb olunacaq. Vergi güzəştindən tam istifadə etmək üçün daha məqsədəuyğun olardı ki, vəsaitin bir deyil iki bankda yerləşdirilməsidir. Belə olan halda 50 min manat pul hər biri 25 min manat olmaqla 8 faizlə 2 bankda yerləşdirilərsə vətəndaş gəlirindən heç bir vergi ödəməyəcək. Vəsait daha böyük olarsa, məsələn, 100 min manat, o halda bir neçə bankda yerləşdirilə bilər. Bu bir tərəfdən imkan verəcək ki, vətəndaş vergi güzəştindən tam istifadə etsin və hər hansı vergi ödəməsin, digər tərəfdən isə bank sektorunda təmərküzləşmə səviyyəsini azaldacaq. Bu isə o deməkdir ki, vəsaitiniz hətta böyük olduğu halda belə depozit gəlirlərinizin vergidən tam azad olunması mümkündür”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər