1 C
Baku
Saturday, December 14, 2024

Depuatat Cenevrə görüşünü ölkəmiz üçün “yaxşı gediş və qazanılmış” xal adlandırır

Bu gün, oktyabrın 8-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrəyə səfəri gözlənir. O, ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşməlidir. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasına görə də, səfərin məqsədi ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmək və münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdır. Bəs Azərbaycanda bu görüşlə bağlı gözləntilər nədən ibarətdir?

“Yaxşı bir diplomatik gediş və qazanılan xaldır”

Deputat Erkin Qədirli bu suala cavab olaraq vurğulayıb ki, görüşüb danışmaq vacibdir və bu, siyasətin vacib hissəsidir. Onun fikrincə, bu mənada Xarici İşlər naziri C.Bayramovun həmsədrlərlə görüşməsi önəmlidir. E.Qədirlinin deməsinə görə, Ermənistan tərəfi bu görüşlərə qatılmır:

“Nəzərə alsaq ki, Ermənistanın Xarici İşlər naziri həmsədrlərlə bu görüşə getmədi, bu fonda Azərbaycanın mövqeyi daha konstruktiv görünür. Yaxşı bir diplomatik gediş və qazanılan xaldır”.

“Danışıqlardan qaçan Azərbaycan yox, Ermənistandır”

Deputatın fikrincə, həmsədrlərlə bu görüş Azərbaycanın danışıqlardan çəkinmədiyini göstərir. Onun vurğulamasına görə, həmsədrlər özləri də şahid olurlar ki, danışıqlardan qaçan Azərbaycan yox, Ermənistandır: “Digər tərəfdən, danışıqlar hərbi əməliyyatlara mane olmur, döyüşlərlə paralel danışıqlar da gedir. Elə bir nəticə gözləmirəm. Bu baxımdan, xarici işlər naziri öz işini görür. Görüşdə Azərbaycanın mövqeyini də izah edəcək, verilə biləcək sualları cavablandıracaq”.

Politoloq Hikmət Hacızadə də deyib ki, Cenevrədə aparılacaq danışıqlar hərbi əməliyyatların gedişinə heç bir təsir etməyəcək:

“Ermənistan Azərbaycanla bir masa arxasına oturmaq istəmir”

“ATƏT-in Minsk qrupunun həmsədrləri sülhə çağırış bəyanatları səsləndirəcək, Azərbaycan da öz mövqeyini ortaya qoyacaq. Ermənistan isə Azərbaycanla bir masa arxasına oturmaq istəmir. Danışıqlara hazır deyil”.

Politoloqa görə, bu danışıqlar gələcək sülh naminə lazımdır və Azərbaycan özünü bu danışıqlarda konstruktiv aparmalı, mövqeyini izah etməlidir.

“Bu danışıqlardan hansısa bir nəticə gözləmirəm. Amma bugünkü addım gələcək üçün lazımlı ola bilər. Çünki istənilən müharibə sülh ilə başa çatır”, – H.Hacızadə bildirib.

 

Son xəbərlər
Digər xəbərlər