Bun ilin fevralın 21-də manatın devalvasiyası bank sektorunda ciddi təlatüm yaratdı. Əhali arasında krediti dollarla götürənlər bu səbəbdən xeyli ziyana düşdülər. Manat devalvasiyasının əsas zərərçəkəni olan müştərilər vəziyyətdən çıxış yolu axtararkən, banklardan daha bir zərbə gördülər.
Belə ki, bəzi banklar bu vəziyyətdən istifadə edib müştərilərə müxtəlif yollarla müqavilələri pozmağa, manatla götürülən kreditlərin dollarla ödənilməsi tələbi qoydu. Bununla da bank öz müştərilərinə ciddi şəkildə sıxıntı yaşatmaqla bərabər, etimadını da itirdi.
Görəsən, bu vəziyətdə Milli Məclisin deputatları hansı banklara etibar edir?
Zahid Oruc:
“Etibarlılıq iş prosesində ortaya çıxır, formalaşır. Parlament üzvü kimi bundan əvvəlki sorğularınızda hər hansı bir bankdan kredit götürmədiyimi söyləmişdim. Bu, o deməkdir ki, biz real maliyyə münasibətlərinə malik olmamışıq. Bununla bərabər, etiraf etmək lazımdır ki, bizə müraciət edən çoxsayılı insanların problemləri zəminində müxtəlif banklarla təmaslarda oluruq.
Hər bir bankın özünəməxsus üstün xidmət keyfiyyətləri var. Bununla bərabər, fevral ayından başlayaraq onların da fəaliyyətində özünəməxsus fərqlilik, fərqli xarakterli tələblər (söhbət rüşvətdən getmir, daha artıq dərəcədə o ödəmələrin ödənilməsi kimi güzəşt hallarının tamamilə aradan qaldırılması və s.) görünməkdədir. Ona görə də hər hansı bir bankın adının xüsusi qabardılmasını və reklamını indiki halda istəməsəm də, etiraf edim ki, bank sistemi Azərbaycanda özünə müəyyən mənada yer tapa bilib, onların fəaliyyəti cəmiyyət tərəfindən qəbul olunur.
Bununla bərabər, yeganə əsas problem bank faizləri ilə əlaqədar idi və ölkə rəhbərliyinin tapşırığı ilə bu məsələ 2015-ci ilin əvvəllərində tənzimlənməli idi. Çox təəssüf ki, dünya miqyasında dolların kursunun möhkəmlənməsi fonunda Azərbaycan da bu korreksiyaya getməli oldu və proses müəyyən mənada təxirə salındı. Əgər banklar Azərbaycan vətəndaşına istər ipoteka, istərsə də digər kreditləri çox aşağı faizlərlə verməyə nail olsalar, şübhəsiz ki, bank sistemi ölkənin iqtisadiyyatının da, büdcə gəlirlərinin də əsas ayrılmaz hissəsinə çevriləcək.
Bu halda deputatların da rəğbəti banklar tərəfdə olacaq. İndi isə mən sırf özəl niyyətlərdən hansısa bir bankın mövqeyini qabartmaq niyyətində deyiləm, onları bütün hallarda tənqid də edirəm. Bəzən onları istismarçılıqda, möhtəkirlikdə, vətəndaşların haqlarını tapdalamaqda da qınayırıq və bu məsələdə haqlıyıq. Mən şahidiyəm ki, təmsil etdiyim Bərdədə bağlanmış müxtəlif kredit müqavilələrinə görə vətəndaşlar öz yaşadıqları mənzili girov qoyduqları üçün ən sonda itiriblər. Təbii ki, mən vətəndaşların tərəfindəydim, ola bilsin ki, onlar hansısa məqamda məsələnin sona qədər mahiyyətinə varmadan addım atıblar. Bir sözlə, bank sistemi Azərbaycanda təxminən 30-35 faizlik etimad kreditinin altındadır. Bu etimad gələcəkdə həm arta, həm də azala bilər”.
Siyavuş Novruzov:
“Deputatların bankalarla o qədər də əlaqəsi yoxdur. Ümumilikdə, bu sahə ilə o qədər məşğul olmuram. Buna görə də dəqiq bir söz deyə bilmərəm”.
Fazil Mustafa:
“Etibar etmək bir qədər böyük səslənir. Sadəcə, müəyyən xarici səfərlər çərçivəsində, yaxud hansısa addımlar atanda Beynəlxalq Bank və “Azəriqazbank” vasitəsi ilə bir çox əməliyyatlar həyata keçirirəm. Amma, ümumiyyətlə, bank sisteminin manatın devalvasiyasından sonra etibarı azalıb. Buna baxmayaraq, üstünlüyü bu iki banka verirəm.
Bank xidmətlərini normal qiymətləndirirəm, söhbət ümumi faizlərdən gedir. Hökumətin bu məsələ üzərinə düşməsi lazımdır. Yoxsa banklarda adamı daşlamırlar. Hamısı insanı normal və mədəni qarşılayır, elə problem də yaranmır. Sadəcə olaraq, kredit götürmək nə dərəcədə sərfəlidir, faizlər nə qədər uyğundur, əsas bunlar önəmlidir. Bu da qaneedici deyil. Ümumiyyətlə, kredit götürməyi sevmirəm. Hətta zəruri bir işim olanda belə, başqa yollara baş vurmuram”.
İqbal Ağazadə:
“Mənim banklarla bir işim yoxdur. “Azəriqazbank”dan kredit götürmüşəm. Bu bankın xidmətini də normal qiymətləndirmişəm. Ümumiyyətlə, bank sistemi Azərbaycandakı maliyyə sisteminin bir parçasıdır. Bank özbaşına deyil, əgər maliyyə sistemi ilə işləyəcəksə, işləyir”.
Hadı Rəcəbli:
“Birincisi, Hadı müəllim heç bir bankla əməkdaşlıq etmir. Gərək bunları sınaqdan çıxardasan ki, etibar da edəsən. Amma bildiyim “Kapitalbank” var və mən daha çox bu bankla əlaqədə oluram. Bu bank nüfuzludur və neçə ildir bank sektorunda xüsusi yeri var.
Azərbaycanda bankdan danışılanda ilk yada düşən “Kapitalbank”dır. Bir sıra müəssisələr əmək haqlarını bu bankdan alır. Bu bank daha etibarlı və sabitdir.
Başqa özəl bankların da nüfuzu var. Eşitdiyimə görə, özəllərdən “Zaminbank” sanballı bank hesab olunur.
Heç bir bankda vəsaitim yoxdur. Bizə verilən əməkhaqqı kartı da Beynəlxalq Bankın xətti ilə ödənilir. Bu bankın xidməti ilə bağlı narahatlığım olmayıb. Amma Beynəlxalq Bankı nüfuzlu hesab etmirəm”.
İlyas İsmayıl:
“Mənim banklarla nə işim var? Heç bir əlaqəm yoxdur”.
Rauf Əliyev:
“Azəriqazbank” və “Unibank”a etibar edirəm. Heç vaxt kredit götürməmişəm. Ancaq bu banklar haqqında mətbuatın, eləcə də yaxın ətrafımın dediyi fikirləri xoş söz söyləməyə əsas verir. Camaat gedib kreditini də götürür, faizini də verir, bütün proseslər hamısı şəffafdır və normaldır. Hesab edirəm ki, bu bankların fəaliyyəti normaldır və onların barəsində hansısa neqativ halın baş verdiyini eşitməmişəm”.
Modern.az