“Deutsche Bank” Moskva və Sankt-Peterburqda İT mərkəzlərini bağlamaq qərarına gəlib. “Financial Times” qeyd edir ki, “Deutsche Bank” Rusiyada İT əməliyyatlarının tam dayandırılması ilə bağlı rəsmi qərar qəbul etməsə də, şirkət daxilində bu, yerinə yetirilmiş hal hesab olunur.
Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.
2022-ci ilin fevral ayına qədər bankın İT mütəxəssislərinin dörddə biri (1500 nəfər) Moskva və Sankt-Peterburqda bankın proqram təminatının işlənib hazırlanmasına və dəstəklənməsinə cavabdeh olub.
2022-ci ilin iyun ayında bank Berlində yeni texnologiya mərkəzinin yaradılmasını elan edib. “Biz Rusiya Texnologiya Mərkəzində əməliyyatların risklərini azaltmağa davam edirik və əməkdaşlarımız üçün mövcud imkanları genişləndirmişik”, – bankın mətbuat xidməti həmin vaxt bildirib.
Texnologiya mərkəzinin qalan işçilərinin vəzifəsi Rusiyadan kənarda olan həmkarlarına “bilik ötürmək” olub. Qəzet yazır ki, bu proses başa çatmaq üzrədir və Qərbin ölkədə proqram təminatının mövcudluğunu məhdudlaşdıran sanksiyaları ilə bank indi yaxın altı ay ərzində Rusiyada qalan işçiləri ilə yolunu ayırmaq istəyir.
“Deutsche Bank”ın səhmləri aprelin 12-də səhər saatlarında Frankfurtda 0.46% bahalaşıb və Bakı vaxtı ilə saat 11:10-da bir səhm üçün 9.6 avroya ticarət edilib.