6 C
Baku
Monday, December 16, 2024

Devalvasiya əslində necə həyata keçirilməlidir?

Bu sualın cavabı sadədir.

Deməli, çox qəribə vəziyyət yaranıb. Mərkəzi Bankın (AMB) gözlənilmədən fevralın 21-i tarixində manatın ABŞ dollarına və eləcə də avroya nəzərən özünün müəyyən etdiyi məzənnəni birdən-birə 30 faizdən çox ucuzlaşlaşdırmasından sonra devalvasiya sözü “dilimizə dəb” düşüb. Halbuki, AMB-in qərarını devalvasiya adlandırmaq və məhz bu cür qələmə vermək əslində, heç də tam olaraq düzgün deyil.

Belə ki, devalvasiya başqa şeydir.

Devalvasiya — latınca de — enmə və valeo — dəyər sözlərinin birləşməsindən əmələ gəlməklə pul vahidinin, yaxud milli valyutanın qızıla, gümüşə və yaxud xarici valyutalara görə məzənnəsinin aşağı düşməsi deməkdir. Manatın dollara təxminən 34, avroya görə isə 33,8 faiz ucuzlaşdırılması da bu mənada devalvasiya adlandırılır. Əslində isə fevralın 21-də verilən qərar AMB-in bayaq qeyd etdiyimiz kimi özünün müəyyən etdiyi məzənnəni dəyişməsindən başqa bir şey deyil.

Məsələ bundadır ki, devalvasiya bu cür həyata keçirilmir. O, müəyyən məqsəd naminə nəzərdə tutulur ki, düşünülmüş  və planlı şəkildə reallaşdırılır. Həmçinin, bəzi tədbirlər də devalvasiya yarada bilər. Sözümüz bunda deyil. Yəni, devalvasiya özlüyündə bir mexanizm təşkil edir.

Bəs, əslində, o necə həyata keçirilir və proseduru nədən ibarətdir?

İş ondadır ki, istənilən halda bu, məhz Mərkəzi Bankın uçot dərəcəsi deyilən göstəricisinə bağlıdır və hökumət tərəfindən əslində bu yolla həyata keçirilməlidir. Başqa sözlə desək, mərkəzi maliyyə resursları və yaxud kreditlər üzrə təyin olunan faiz dərəcəsinə… Odur ki, ən mükəmməl devalvasiya mexanizmi pul-kredit siyasəti çərçivəsində mümkün sayılır.

Belə ki, ölkələrin Mərkəzi Bankları tərəfindən mərkəzi kreditləşdirmə üzrə baza və yaxud uçot dərəcəsi azaldılarsa bu devalvasiya, yuxarı qaldırdıqda isə deflyasiya siyasəti anlayışına gəlir. Sözügedən dərəcə isə adətən iqtisadiyyata maliyyə dəstəyi həyata keçirmək üçün azaldılır, yuxarı qaldırıldıqda isə inflyasiyanı cilovlamaq məqsədilə edilir.

Ölkəmizdə AMB tərəfindən uçot faiz dərəcəsi 2012-ci ilin dekabr ayının 12-dən etibarən aşağı salınır. Həmin vaxta qədər 5,25 faiz idi ki, qeyd olunan tarixdə 5 faizə salındı. 2013-cü ilin fevralın 11-də 4,75-ə, 2014-cü ilin mayın 1-də 4,25-ə, həmin ilin iyulun 30-na isə 3,5 faizə qədər endirildi.

Sual yaranır ki, buna uyğun olaraq devalvasiya baş verdimi? Qətiyyən yox…

Və yaxud da başqa bir misal… Neftin dünya bazarlarında qiymətinin keçən ilin iyun ayından etibarən ucuzlaşması fonunda qeyd etdiyimiz kimi AMB uçot üzrə faiz dərəcəsini təkcə keçən il iki dəfə aşağı salmışdır. Bunun müqabilində isə, 2014-cü ilin dekabr ayınadək ölkədə manat möhkəmlənməkdə olub. Yəni, AMB-dən verilən açıqlamaya əsasən 2014-cü ilin yanvar-noyabr aylarında manatın məzənnəsinin ABŞ dollarına nəzərən bahalaşmasının qarşısını almaqdan ötrü 1 milyard 270 milyon dollar məbləğində alış həyata keçirilib.

Başqa sözlə desək, valyuta bazarında təklif tələbi dollar baxımından üstələdiyindən 1 milyard 270 milyon dolları məbləğində alış həyata keçirilib. Belə ki, bazara manatla intervensiya edilərək dollar alınıb. Və yalnız, keçən ilin dekabr ayında dolların bahalaşması təhlükəsi ortaya çıxdıqdan sonra AMB qeyri-nağd və nağd şəkildə bazara 1 milyard 127 milyon ABŞ dolları məbləğində intervensiya edərək manat alışı həyata keçirməyə başlamışdır.

Bəs, uçot dərəcəsinin endirilməsinə rəğmən, devalvasiya niyə baş verməyib?

Bu sualın cavabı sadədir. Çünki bizdə sözügedən mexanizm işləmir. İnkişaf etmiş ölkələrdə isə əksinədir. Məsələn, ABŞ-da Federal Rezerv Sisteminin (FRS) baza faiz dərərəcələrini bu ilin iyun ayından etibarən qaldıracağı söhbəti indidən ciddi müzakirəyə çevrilib. Demək olar, bütün dünya narahat vəziyyətdədir. O səbəbdən ki, dolların bahalaşması davam edəcək. Bu isə neftin ucuzlaşması tendensiyasının inkişafı və dünya iqtisadiyyatında əksər ölkələrdə sosial-iqtisadi durumun mövcud durğun vəziyyətinin davam edəcəyi deməkdir.

Nəyə görə?

Ona görə ki, FES uçot dərəcəsini 0,01 faiz aşağı və yuxarıya doğru dəyişən kimi az qala Banqladeşdə də dolların məzənnəsi “oynamalı” olur. Bizdə isə AMB uçot dərəcəsinin səviyyəsini korrektə edərkən kommersiya banklarının müştərilərə təklif etdikləri faiz dərəcələrinin səviyyəsi eyni həddə qalır.

Odur ki, vaxtı ilə xarici maliyyə qurumları da bizdə məsələn, üzən məzənnə siyasətinə keçməyi tövsiyə edərkən AMB rəhbərliyi etiraf etmişdi ki, uçot dərəcəsinin makroiqtisadi proseslərə təsir etmədiyi bir şəraitdə sərbəst məzənnə siyasətinə keçid heç bir nəticə verə bilməz.

Yeri gəlmişkən, hələ o zaman AMB sədri Elman Rüstəmov manatın hədsiz möhkəmlənməsinin zərəri barədə də danışaraq vurğulamışdı ki, ölkəyə real olaraq xarici valyutanın – dollar kütləsinin sürətli axını manatın kursunu getdikcə daha çox yüksəltdiyindən, qeyri-neft sektorunun inkişafına əngəl yaranır.

E. Rüstəmov onu da əlavə etmişdi ki, dolların məzənnəsinin manata görə dəyərsizləşməsi ölkəyə idxalın ucuzlaşmasına gətirib çıxardığından AMB ixracçıların qayğısına qalmaq və inflyasiyanı aşağı səviyyədə saxlamaq dilemması qarşısında qalıb.

Manatın dollara nəzərən, məzənnəsinin müəyyən həddə saxlanması həm də bu baxımdan vacib sayılırdı ki, xarici qurumların təklif etdikləri sərbəst üzən məzənnə rejiminə keçid uzun illər ərzində ölkədə əldə olunmuş makroiqtisadi sabitliyi poza və hiperinflyasiya yarada bilərdi.

Odur ki, inflyasiyanın cilovlanması və eyni zamanda ixracı dəstəkləmək baxımından, AMB-in manatın dəyərini hədsiz dərəcədə möhkəmlənməsi əleyhinə çalışması ən məqbul siyasət sayılırdı.

Bəs, bütün bunların müqabilində nə təklif etmək olar?

Əvvəlki şərhlərimizdə də yazmışdıq ki, mərkəzi kreditləşdirməni artırmaq müəssər olmursa və bu, makroiqtisadi sabitlik üçün təhlükə sayılırsa 2009-cu ildə qanunvericiliyə edilən dəyişikliyə əsasən AMB-in meqa-tənzimləyici funksiya əldə etməsi iqtisadiyyatın real sektorunun fəal şəkildə dəstəklənməsi üçün ən optimal yol sayılır.

Xatırladaq ki, o vaxt AMB iqtisadiyyatın real sektorunu dövlət zəmanəti ilə kreditləşdirmə yolu ilə birbaşa maliyyələşdirməyə başlamışdı ki, Dövlət Neft Şirkəti kimi bir sıra sistem əhəmiyyətli qurumlara birbaşa maliyyə dəstəyi həyata keçirildi. Ümumiyyətlə, AMB-in qlobal maliyyə və iqtisadi böhran zamanı ölkədə bank sistemində likvidliyi təmin etmək məqsədiylə ünvanlı kreditlər verdiyi, ancaq bütün bunları sonra dayandırdığını xatırlamaq yerinə düşər.

İqtisadiyyatın real sektorunun inkişafını dəstəkləmək və ümumi daxili məhsul istehsalı həcmində qeyri-neft sahələrinin rolunu artırmaq baxımından, AMB tərəfindən bu cür birbaşa maliyyələşdirməyə həmişə ehtiyac olub və indi də var. Əks şəraitdə, ölkədə AMB-in yuxarıda qeyd etdiyimiz kimi özü tərəfindən müəyyən etdiyi məzənnəni sadəcə dəyişdirməsi yolu ilə ixracı heç cür dəstəkləmək mümkün deyil.

Çünki, bu, tamamilə absurd ideyadır.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər