Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatı
Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatı (International Organi zation Of Supreme Audit Institutions – INTOSAI) – INTOSAI BMT- yə və ya onun ixtisaslaşmış agentliklərinə üzv olan ölkələrin ali audit institutlarının peşəkar beynəlxalq təşkilatıdır. INTOSAI 1953-cü ildə o dövrdə Kubanın Ali Audit Təşkilatının rəhbəri olan Emiliyo Fernandez Kamusun təşəbbüsü ilə formalaşıb. Həmin vaxt 34 ölkənin ali audit institutunun iştirakı ilə Kubada INTOSAI-nin I konqresi keçirilmişdir. Bu gün isə təşkilatın 186 üzvü vardır. INTOSAI muxtar, müstəqil və qeyri- siyasi təşkilatdır. O, BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi konsultativ statusa malik qeyri-hökumət təşkilatıdır. Bir çox onilliklər ərzində təşkilatın Baş Katibliyinə Avstriya Audit Təşkilatı ev sahibliyi etmişdir. Hal-hazırda da təşkilatın mənzil-qərargahı Vyanadadır.
1977- ci ildə INTOSAI Lima Deklarasiyasını qəbul etmişdir. Bu sənəd təşkilatın əsas konseptual və fəlsəfi yanaşmasını, xüsusi vurğulanan müstəqil və demokratik dəyərlərini aydınlaşdırır.Dövlət sektorunun auditi üzrə beynəlxalq miqyasda tanınmış lider təşkilat olaraq INTOSAI maliyyə idarəetməsi və digər əlaqəli sahələrdə beynəlxalq rəhbər sənədlər hazırlayır, müvafiq metodologiyaları inkişaf etdirir, təlimlər hazırlayır və üzvlər arasında informasiya mübadiləsini təmin edir. INTOSAI-nin 5 rəsmi dili mövcuddur: ərəb, ingilis, fransız, alman və ispan. INTOSAI-nin ən gənc regional İşçi Qrupu 1990-cı ildə Berlin Deklarasiyası əsasında I Madrid konqresində formalaşan Avropa Ali Audit İnstitutlarının Təşkilatı olan EUROSAI-dir. EUROSAI-nin hazırda 47 üzvü vardır ki, bunlar 46 Avropa ölkəsinin ali audit institutları və Avropa Auditorlar Palatasıdır. EUROSAI-nin məqsədləri: üzvlər arasında peşəkar əməkdaşlığın inkişafı; informasiya və sənədləşmə mübadiləsinin təşviqi; maliyyə nəzarətində istifadə olunan anlayışların harmonizasiyası; peşəkar maliyyə nəzarətçilərinin və auditorların hazırlanması.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı