Azərbaycan iqtisad elmi
Azərbaycan iqtisad elmi – Azərbaycanın iqtisadi fikrinin tarixi çox qədimdir və zəngin ənənələrə malikdir. Vaxtilə Dədə Qorqud, Qurani-Kərim kimi tarixi və dini məxəzlərimizdə, böyük mütəfəkkir Nizami Gəncəvinin əsərlərində iqtisadi anlayışlara, xüsusilə, əmək, sərvət, mülkiyyət, torpaq münasibətləri, vergi və onun növləri, maliyyə, dəyər və s. kateqoriyalara rast gəlinir. Azərbaycan iqtisadi həyatı ilə bağlı elmi araşdırmalar Şərq iqtisadi fikrinin formalaşmasına mühüm təsiri olan Nəsirəddin Tusinin (1201-1274) əsərlərinin timsalında xüsusi maraq kəsb edir. N.Tusi «Əxlaqi-Nasiri» əsərində vurğulayır ki, cəmiyyətin həyatında əmək aparıcı rol oynayır və insanlar arasında iqtisadi əlaqələri zəruri edir. N.Tusi öz dövrünün bütün iqtisadi hadisə və proseslərinə, o cümlədən əmək bölgüsü, təkrar istehsal, onun tərkib hissələri olan istehsal, bölgü, mübadilə, istehlak və s. iqtisadi anlayışlara və kateqoriyalara münasibətini bildirir.
Orta əsrlər Azərbaycan iqtisad elminin formalaşmasında da dərin iz buraxmışdır. Lakin ölkədə iqtisad elmin inkişafı və çiçəklənməsi XIX əsrin sonlarına, xüsusilə XX əsrə təsadüf edir. XX əsrin 20-30-cu illərində respublikada iqtisad elminin təşəkkül tapmasında Həsən Dadaşov, Məmməd Sultanov, 40-50-ci illərdə Əliqulu Fərəcov, Ələsgər Qasımov, Azərbaycan Elmlər Akademiyasının iqtisadiyyat üzrə ilk müxbir üzvü Bəhmən Axundov (o, respublikada ilk dəfə 1951-ci ildə iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır), Zülqədər Cahandirov. Abbas Nəbiyev, Muxtar Mustafayev, Hüseyn Tağıyev, Şamil Əliyev, 60-70-ci illərdə Akademiklər Əlisöhbət Sumbatzadə, Əhməd Mahmudov (qeyd etmək lazımdır ki, iqtisadiyyat üzrə Azərbaycan Milli Elmlər Akademiyasının hər bir həqiqi üzvü və müxbir üzvü haqqında ayrıca geniş məlumat ensiklopediyada öz əksini tapmışdır), MEA-nın müxbir üzvü Teymur Vəliyev, prof. Mədət Allahverdiyev və başqaları müstəsna rol oynamış və öz məktəblərini yaratmışlar.
Bu sadalanan iqtisadçıların əksəriyyəti siyasi iqtisadın mahir biliciləri olmuş, eyni zamanda iqtisad elminin ayrı-ayrı sahələrində də fundamental tədqiqatlar aparmışlar.
Ümumiyyətlə, bütövlükdə iqtisadiyyat və onun nəzəri problemləri, eləcə də iqtisadiyyatın ayrı-ayrı seqmentləri üzrə Azərbaycanda iri miqyaslı tədqiqatlar aparılmış, samballı monoqrafiyalar, dərsliklər, kitablar, dərs vəsaitləri, məqalələr və s. yazılmışdr.
İqtisad elmin nəzəri problemləri (əvvəllər siyasi iqtisad, hazırda iqtisadi nzəriyyə) ilə məşğul olan alimlər, iqtisad elmləri doktorları və professorlar arasında Həbib Şirinovu, Qara Sadıqovu, Məmmədsadıq Sadıqovu, Yusif Məmmədovu, Fəsli Əmikişiyevi, Ərəstun Axundovu, Hacı Məmməd Meybullayevi, İslam Qarayevi, Raqib Quliyevi, Əlican Babayevi, Məhiş Əhmədovu, Nazim İmanovu, Adil Qasımovu, Ağarza Rüstəmovu, Arif Şəkərəliyevi və başqalarını göstərmək olar.
İqtisad elmi çox şaxəli, geniş spektrli sahələrə və sferalara ayrılır. Azərbaycan iqtisad elmi differensasiya olunaraq müxtəlif sahələr üzrə kifayət qədər inkişaf etmişdir.
Azərbaycan iqtisad elminin iqtisadi tarix sahəsində bir sıra alimlər çalışmışlar. Onlardan Mirağa Musayevi, Əsəd Dilbazovu, Qüdrət Əbdülsəlimzadəni və b. xüsusilə vurğulamaq lazımdır.
İqtisad elminin klassik istiqamətlərindən biri aqrar elmidir. Azərbaycanda aqrar iqtisadiyyatla çoxsaylı alimlər korpusu məşğul olur. Bu aqrar alimlər, iqtisadçılar arasında Aliyev İsa, Allahverdiyev Həsən, Ataşov Bəyalı, Cahangirov Əli, Əhmədov Afət, Əhmədov İsa, Gənciyev Gəncəli, Hüseynov Məcid, Xəlilov Həmzə, İbrahimov İslam, İsayev Veysəl, Qasımov Əbülfəz, Qasımov Həsən, Qəhrəmanov Rüstəm, Məmmədov Rasim, Mirzəyev Soltan, Niftullayev Vaqif, Verdiyev Əhməd, Salahov Sadıq və başqaları bu sahəyə öz layiqli töhfələrini vermişlər.
Son illər respublikada sənayedə uğurlu nailiyyətlər əldə edilmişdir. Burada sənaye sahəsində çalışan iqtisadçı alimlərin böyük rolu olmuşdur. Sənaye iqtisadiyyatı və onun ayrı-ayrı sahələri üzrə ixtisaslaşan görkəmli alimlərin şurasına Ağayeva Aleksandra, Axundov Məcid, Atakişiyev Müşviq, Əlibəyov Əruziyə, Əliyev Təbriz, Hacızadə Elşən, Haqverdiyeva Sofiya, Hüseynov Sofiq, Hüseynov Telman, İsmayılov Hamlet, Tağıyev Mahmud və b. aiddir.
Bütövlükdə, makroiqtisadiyyatın müxtəlif problemlərinin tədqiqi ilə çoxsaylı alimlər məşğul olmuşlar. Bu sahələrə nəqliyyatın iqtisadiyyatını (Cümşüdov Sabir, Əbdürrəhmanov Balaca, Əhmədov Əli), su təchizatını (Adıgözəlov Fikrət, Fərzəliyev Mehrəli, Məmmədov Rəfi) göstərmək olar.
Əhalinin sosial-iqtisadi vəziyyətinin, rifah halının yaxşılaşması ölkədə iqtisad elminin qarşısında duran mühüm problemlərdən biridir. Burada sosial sferanın iqtisadiyyatı ilə məşğul olan iqtisadçılar uğurlu nailiyyətlər qazanmışlar. Sosial sahələrin iqtisadiyyatı ilə məşğul olan alimlər arasında Əli Əlmirzayevi, Fərid Fərəcovu, Fərhad Rəhmanovu xüsusilə ayrımaq olar.
Müasir dövr informasiya əsridir. Bu baxımdan yeni sahə kimi informasiya texnologiyaları, iqtisadi kibernetika, iqtisadi-riyazi üsullar və iqtisadi modelləşdirmə sahəsində ən yeni dünya standartlarına, müasir tələblərə cavab verən iqtisadçılar ordusu yetişmişdir. Bu sahədə Abdullayev Yaşar, Axundov Vahid, Balayev Rəsul, Cəbrayılov Rəsul, Cəbrayılov Şakir, İmanov Qorxmaz, Qasımov Fərman, Mehdiyev Cavanşir, Musayev Bədirxan, Mustafazadə Məmməd, Səmədzadə Şamil, Tağıyev Namiq sambalı rol oynamışlar.
Azərbaycan dünya birliyinin subyekti kimi beynəlxalq iqtisadi münasibətlər sahəsində də kifayət qədər uğurlar qazanmışdır. İqtisad elmin yeni sahəsi olan beynəlxalq iqtisadi münasibətlər sahəsində elmi tədqiqatlar və araşdırmalar genişlənir. Bu sahədə Ağayev Sultanağa, Əlibəyov İnqilab, Xudiyev Şamil, İrşad Kərimli kimi alimlər xüsusilə fərqlənir.
Bütövlükdə, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, xüsusilə, ticarət (Axundov Şəmsəddin, Feyzullabəyli İsmayıl, Paşayev Kərim, Səmədovun Aydın), tikinti iqtisadiyyatı (Şirəliyev Vasif, Meyhdiyev İmran, Qeybullayev Qeybulla), maliyyə və büdcə (Əhməd Qaravəliyev, Mirdamət Sadıqov, Səttar Səfərov), əmək (Tofiq Quliyev, Natiq Qasımov), iqtisadi təhlil (Əliyev Ramil, Namazəliyev Hüseyn), statistika (Yaqubov Sakit), sahibkarlıq (Manafov Qabil), əmtəəşünaslıq və məhsulun keyfiyyəti (Ələsgərov Fuad), qiymət (Kazımlı Hacı Xanhüseyn), audit (Novruzov Vahid), menecment (Şahbazov Kamil), məhsuldar qüvvələrinə yerləşməsi, ekologiya və coğrafiya (Nəbiyev Nəbi) kimi sahələrin iqtisadi problemlərinin tədqiqi sahəsində keyfiyyətli tədqiqatlar mövcuddur.
Azərbaycan iqtisadiyyatı XXI əsrə uğurla qədəm qoymuşdur. Şübhəsiz ki, respublikada iqtisad elminin zənginləşməsində indiki nəsillə yanaşı gənc nəsl də öz sanballı töhfəsini verəcəkdir.