10 C
Baku
Wednesday, December 11, 2024

DİM dövlət qulluğuna qəbul üçün müsahibə elan edib

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 9 dövlət orqanı üzrə inzibati vəzifələrin 4-7-ci təsnifatlarına uyğun olan 42 vakant icraçı vəzifələrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

DİM-dən banker.az-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 22 iyundək davam edəcək.

Müsabiqəyə təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 22 may 2018-ci il tarixindən 22 iyun 2018-ci il saat 18:00-dək (30 gün müddətində) mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilən müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant inzibati vəzifə Şəki Apellyaiya Məhkəməsi (14), Xətai Rayon Məhkəməsi (6), Energetika Nazirliyi (7) tərəfindən təqdim olunmuşdur.

Qeyd edək ki, vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunmuşdur:

Şəki Apellyaiya Məhkəməsi (14 vakant vəzifə) BA4 altqrupu üzrə 14

Energetika Nazirliyi (7 vakant vəzifə) BA3 altqrupu üzrə 4, BA4 altqrupu üzrə 3

Hesablama Palatası (3 vakant vəzifə) BA2 altqrupu üzrə 3

Xətai Rayon Məhkəməsi (6 vakant vəzifə) BB4 altqrupu üzrə 6

Salyan Rayon Məhkəməsi (1 vakant vəzifə) BB3 altqrupu üzrə 1

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi (2 vakant vəzifə) BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 1

Tərtər Hərbi Məhkəməsi (1 vakant vəzifə) BB2 altqrupu üzrə 1

Gəncə Apellyasiya Məhkəməsi (4 vakant vəzifə) BA4 altqrupu üzrə 4

Xaçmaz Rayon Məhkəməsi ( 4 vakant vəzifə) BB4 altqrupu üzrə 4

Əlavə olaraq, müsabiqəyə çıxarılmış 42 vakant inzibati vəzifədən 24-ü BA vəzifə qrupu, 18-ü isə BB vəzifə qrupuna aiddir.

Son xəbərlər
Digər xəbərlər