10 C
Baku
Friday, December 13, 2024

DİM ixtisas seçimi edənlərə müraciət edib

Ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca yenə də “Facebook” və xüsusilə “Instagram” sosial şəbəkələrində ayrı-ayrı şəxslər özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar.

Həmin şəxslərin istifadəçilərin suallarına verdikləri cavablara diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur.

Abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalı, bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası ixtisas seçimini özləri həyata keçirməlidirlər. Bəzən abitriyentlər bu işi başqalarına həvalə edirlər. Lakin həmin şəxslər bir çox hallarda yanlış seçim edir və ya ixtisas seçimi ərizəsini ümumiyyətlə təsdiq etmirlər. Bu isə arzuolunmaz hallara gətirib çıxarır.

“Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası “Abituriyent” jurnalının müvafiq nömrələrində dərc olunur. Burada, həmçinin qəbul aparılan ixtisaslar, onların kodları göstərilir.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra hər ixtisas qrupu üzrə ayrıca “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər nəşr olunur. Burada abituriyentlərin imtahan ballarının paylanması, eləcə də ali təhsil müəssisələrinə ixtisas qrupları üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunur.

Bundan əlavə, hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir. Müsabiqə şərtini ödəyən abituriyentlər müəyyən olunacaq vaxtlarda “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində, Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Avrasiya, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərirlər.

Qeyd: Ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminin tarixləri müəyyən olunan kimi ictimaiyyətə məlumat veriləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər