Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında Prezident sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.
İqtisadiyyat Nazirliyinə, zərər çəkmiş sahibkarlara bu Sərəncamın 1-ci hissəsinə əsasən ayrılmış vəsait hesabına maddi yardım göstərilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç gün müddətində təsdiq edilməsi tapşırılıb.