12 C
Baku
Wednesday, December 11, 2024

Direktor olmaq nə deməkdir?

Fəxri Ağayev yazır…

İşlədiyim şirkətlərdən birində bir dəfə HR mütəxəssisinə “satış mütəxəssisi axtarırıq” elanı paylaşmağı tapşırdım. 200 CV gəldi. İki gün sonra mağaza müdirinin axtarıldığı barədə elanı paylaşdıq – eyni adamlar CV göndərdilər. Yəni iki gün öncə satıcı işləməyə hazır olan insanlar bu gün artıq müdir olmaq istəyirdilər.

Bu yazımda direktor vəzifəsinin çətinliklərindən danışacağam.

Adətən, insanlar direktor vəzifəsinin gözəl aksesuarlarını görürlər: gözəl kostyum, kabineti var, tapşırıqlar verir, başa düşməyənlərin üstünə qışqırır, bəzən işçilərə böyüklük edir, avtomobil, sürücü və s…

Öncə onu deyim ki, kostyum, avtomobil kimi məqamlar işin son mərhələsidir və rəhbər üzərində olan ağılla müqayisədə bunların heç bir dəyəri qalmır.

300 nəfər işçinin direktoru olmaq, bilirsiniz, nə deməkdir?

Sizin qarşınızda 300 tərbiyə, dünyagörüşü, eqo, iddialar, xasiyyət və bəzən sizinkilərə zidd olan fikir və düşüncələr. Buna qruplaşmaları da əlavə edin – və alın sizə birinci baş ağrısı. Hər gün çox yox, bu 300 nəfərdən cəmi 5 faizi, yəni 15 nəfəri şikayətlə qarşınıza çıxsa, direktor artıq nə o kabineti, nə də sürücünü istəyir. 

Düşünək ki, 15 nəfərdən 10 nəfərin iddiası, şikayəti həll edildi, amma beş nəfərin istəkləri obyektiv-subyektiv səbəblərə görə çözülmədi. Alın sizə beş nəfər direktor haqda mənfi fikirlər paylaşan narazı insan – hər biri 10 nəfərə neqativ məlumat yaysa, gerisini siz təsəvvür edin.

Direktor olmağın zövqlü tərəflərini görənlər bunu bilməlidirlər ki, ilk növbədə rəhbərin üzərində anormal məsuliyyət var – hər şeyə görə. Satış, anbar, işçilərin emosional vəziyyəti, müştərilərin narazılıqları, dövlət qurumları ilə əlaqələr. Sahibkar qarşısında olan öhdəlikləri hələ demirəm.

İndi isə gəlin, klassik bir direktorun gününü sizlərə təsvir edim. Və bu günün bir hissəsini insanlar görür, digərini görmür.

Səhər saat 08:30-da direktor avtomobili ilə işə gəlir. Kabinetinə daxil olur, katibəsi ona çay hazılayır.

Bu gün direktor saat 12:30-da bir dövlət qurumuna getməlidir, problem həll edilməlidir. Edilməsə, şirkətin hesabları bağlanacaq, ödənişlər duracaq, fəaliyyət donacaq. Saat 12:30-a qədər hüquqşünasla məsləhətləşməlidir.

Qarşısında qoyulan çayı belə görmədən bu fikirlər içində qara-qara düşünərkən, 08:50-də satış müdiri kabinetinə gəlir və marketinq rəhbərindən şikayət edir: “Kampaniya səhvdir, ümumiyyətlə, marketinq işləmir və məndən ay sonunda plan gözləməyin”.

Bu da azmış kimi, satış müdiri HR mütəxəssisindən də narazılıq edir ki, mənə doğru-düzgün işçi tapa bilmir, tapdıqları uyğun deyil işimizə, boş yerə həftədə bir günümü onun tapdığı adamlarla görüşlərə xərcləyirəm” deyir. Direktor anlayır ki, əslində, məsələ marketinq rəhbərinin səhv işləməsi deyil – satış direktoru artıq bir ildir ki, bu vəzifəyə öz qohumunu gətirmək istəyir. Elə bu məqamda HR mütəxəssisi də daxil olur otağa və satış komandasında olan problemlərdən danışır və direktorun gözünün önündə iki rəhbər mübahisə edir. 

Direktor zaman qazanmaq üçün sabaha iclas təyin edir, amma hər biri də anlayır ki, iclas heç nəyi həll etməyəcək.

Saat 09:30. Hüquqşünasa zəng etmək lazımdır. Dövlət qurumuna gedəcəyəm. Satış müdiri də hər kəslə dirəşir, amma işdən çıxara bilmirəm onu: bütün satış komandası ona bağlıdır. Rəqibə keçər – çökdürər işi. O da bunu anlayır və məni şantaj edir…. Zəng gəlir: müəllim, gömrükdə mallarımızı saxlayıblar. Səbəb? Deyirlər ki, nəsə problem var, həll edilməlidir. Haydaaaa… bu mallar sabah ən əsəbi müştərimizə verilməli idi. 

Saat 09:40. Əsəbi müştəri zəng edir: “Müəllim, bizim malı sabah verirsən də?”

“Həəə, Rafiq müəllim, narahat olma, verəcəyəm”, – deyir və anlayır ki, verə bilməyəcək.

Saat 10:00. Dövlət qurumuna getməliyəm. Hüquqşünasla danışmalıyam. Sabah iclas olacaq. Gömrükdə problem var. Müştəri sabah məni dağıdacaq… Çay soyuyur.

Saat 10:15. İT mütəxəssisi otağa gəlir. “Müəllim, mən sizinlə bir neçə dəfə danışmışam, maaşımı artırmadınız. Mən artıq başqa şirkətə işə keçirəm. Bir həftə sonra keçirəm. Adam tapın, işi təhvil verim ona”. 

“Bir dəqiqə. Necə yəni? İşdən çıxırsan? Bir həftəyə? Mən necə adam tapacağam? Ən azı iki həftə zaman lazımdır. Sistemi qəbul etməlidir yeni adam”.

Saat 10:30. HR-la görüş.

“Yeni İT tapmaq nə qədər zaman alar?”

“Ən azı bir ay. Amma yaxşı mütəxəssis tapmaq çətindir”.

“Başlayın axtarmağa”…

Saat 10:40. Dövlət qurumuna getməliyəm. Hüquqşünasla danışmalıyam. Sabah iclas olacaq. Gömrükdə problem var. Müştəri sabah məni dağıdacaq… İT mütəxəssisi işdən çıxır. Çay soyuyur. Beyin qızır.

Saat 10:45. Otağa anbar rəhbəri Ziya müəllim gəlir. 

“Müəllim, salam. Dünən iki nəfəri işdən qovdum. Bezdim onlardan, çox məsuliyyətsiz, bacarıqsız adamlardır. Özüm işçiləri alacağam indi işə. HR bu işi bacarmır”. (Direktor bilir ki, o yalan deyir – öz tanışlarını işə almaq istəyir”.)

“Sən axı məndən icazəsiz, bir anda belə işçi çıxara bilməzsən. Bu nədir belə?”

“Müəllim, nə bilim vallah. Bezmişəm, sözün düzü” (şantaj).

Saat 10:50. HR zəng edir: “Müəllim, dünən anbar rəhbərinin qovduğu işçilərin hüquqşünası zəng edib, bizi şikayət ediblər. Nə edək?”

Saat 10:50. Dövlət qurumuna getməliyəm. Hüquqşünasla danışmalıyam. Sabah iclas olacaq. Gömrükdə problem var. Müştəri sabah məni dağıdacaq… İT mütəxəssisi işdən çıxır. Ziya müəllim özbaşınalıq edir. İki işçi başımıza iş açır. Çay buz. Beyin qaynar. 

Əzizlərim!

Hər kəsin gördüyü avtomobil, sürücü və masaya qoyulan stəkan çayı rəhbər görmür.

Rəhbər olmaq BÖYÜK məsuliyyət, stress və gərginlikdir. Məsuliyyəti qəbul etmədən bu işlərə girilməz.

Mən hələ bilik, savad, həyat təcrübəsi, təmkinli olmaq, soyuqqanlılıq barədə danışmıram.

Oxu.az

 

Son xəbərlər
Digər xəbərlər