20 C
Baku
Monday, June 16, 2025

Dollar əsas rəqiblərinə qarşı dəyər itirir – Hazırda bu niyə baş verir?

Dollar cümə axşamı günü 2025-ci ilin minimum səviyyəsinə yaxınlaşıb, səhmlər isə rekord hədlərdən bir qədər geri çəkilib.

Banker.az xəbər verir ki, buna səbəb Yaxın Şərqdə artan gərginlik və Vaşinqtonla Pekin arasında ticarət razılaşmasının davamlılığı ilə bağlı narahatlıqların investorları təhlükəsiz liman aktivlərinə yönəltməsi olub.

Bununla yanaşı, çərşənbə günü dərc olunan ABŞ-ın istehlak inflyasiyasına dair hesabat göstərib ki, ümumi qiymət təzyiqləri may ayında nəzarət altında qalıb. Bu da əsasən benzinin, avtomobillərin və mənzil xərclərinin ucuzlaşması ilə bağlıdır. Lakin əksər iqtisadçılar ABŞ-ın tariflərinin təsiri hiss olunmağa başladıqca inflyasiyanın yenidən artacağını gözləyirlər.

Bu il valyutalar səbətinə qarşı təxminən 10% dəyər itirən dollar, aprelin sonlarından bəri ən aşağı səviyyəsinə enib. Həmin vaxt isə son üç ilin minimum göstəricisi qeydə alınmışdı.

Qlobal səhm bazarları, aprelin əvvəlindən bəri demək olar fasiləsiz davam edən yüksəlişə fasilə verib. MSCI ümumdünya indeksi 0.1% azalaraq çərşənbə günü qeydə alınmış tarixi maksimumun bir qədər altına düşüb.

Avropada isə STOXX 600 indeksi 0.8% geriləyib. Bu əsasən neft qiymətlərinin artması fonunda aviaşirkətlər və avtomobil istehsalçıları ilə bağlı olub. S&P 500 və Nasdaq fyuçersləri isə 0.5% dəyər itirib.

Çərşənbə günü ABŞ administrasiyası Yaxın Şərqdə artan təhlükəsizlik risklərinə görə bölgədəki heyətin çıxarıldığını elan edib. Bu xəbər neftin qiymətini müvəqqəti olaraq 4% artırsa da, sonradan qiymətlər geri çəkilib.

“Gərginliyin artması əhəmiyyətli bir riskdir, amma bu hələ əsas ssenari sayılmır. Əgər vəziyyət həqiqətən gərginləşərsə, bazarlar bundan ciddi şəkildə təsirlənəcək və bu da neft qiymətlərinə təsir göstərəcək”- deyə, “Daiwa Capital”in iqtisadçısı Kris Sicluna bildirib.

İran tərəfi isə cümə axşamı “Reuters” agentliyinə bildirib ki, uran zənginləşdirmə hüququndan imtina etməyəcək. İran rəsmisinin sözlərinə görə, bölgədəki “dost” bir ölkə Tehrana İsrailin mümkün hərbi zərbəsi barədə xəbərdarlıq edib.

Təhlükəsiz liman sayılan aktivlər bu fonunda güclənib. İsveçrə frankı Yapon yeni bahalaşıb, nəticədə dollar bu valyutalara qarşı təxminən 0.6% dəyər itirib. Qızılın isə unsiyası $3 350 səviyyəsində sabit qalıb.

ABŞ və Çin arasında bu həftənin əvvəlində əldə olunmuş müsbət ticarət razılaşmasından qaynaqlanan rahatlama hissi isə cümə axşamı artıq aradan qalxıb. Prezident Donald Tramp bu razılaşmanı “Çinlə möhtəşəm saziş” adlandırmışdı.

Trampın tarif siyasətləri bu il qlobal bazarları qarışdırıb. Nəticədə bir çox investorlar xüsusilə dollar olmaqla ABŞ aktivlərindən çəkilib. Onlar artan qiymətlər və yavaşlayan iqtisadi artım ilə bağlı narahatdırlar.

Əlavə olaraq, Tramp bildirib ki, ABŞ önümüzdəki bir-iki həftə ərzində onlarla ölkəyə ticarət razılaşmaları ilə bağlı məktublar göndərəcək. Bu ölkələr həmin şərtləri qəbul edə və ya rədd edə bilərlər.

“Trampın tarif hədələrinə bazarlar reaksiya verməyə məcbur qala bilər – hətta bu sadəcə masaya çağırış məqsədli olsa belə. ‘Risk almağa meyilli’ bazar mövqeləri ilə real risklər arasında uçurum çox böyüyüb”- deyə, “Saxo Bank”-ın baş investisiya strateqi Çaru Çanana deyib.

Dolların zəifləməsindən faydalanan avro son yeddi həftənin maksimumuna çataraq $1.1535 səviyyəsinə yüksəlib.

 

ABŞ xəzinə istiqrazları da qiymət artımı ilə reaksiya verib, nəticədə gəlirlər 1.5 baza bəndi azalaraq 4.4%-dən aşağı düşüb. İki illik istiqraz gəlirliliyi isə – inflyasiya və faiz gözləntilərinə daha həssas olan göstərici – 1.6 baza bəndi azalaraq 3.93%-ə enib.

Daha sonra gün ərzində istehsalçı qiymət indeksinə dair hesabat diqqət mərkəzində olacaq. Bu göstəricinin bəzi komponentləri Federal Ehtiyat Sisteminin önəm verdiyi inflyasiya ölçüsü olan Şəxsi İstehlak Xərcləri İndeksinə təsir edir.

Çərşənbə günü açıqlanan istehlak inflyasiyası indeksi, sentyabrda Fed-in faiz dərəcəsini 0.25 faiz bənd azaltması ehtimalını saxlayıb. Lakin bu, tariflərin real iqtisadiyyata necə təsir etdiyinin qiymətləndirilməsindən sonra baş verə bilər.

“Düşünürəm ki, bu, ehtimal ki, hər iki faktorun kombinasiyası olacaq. Ona görə də Fed-in tələsmədən, gözləyib vəziyyəti müşahidə etməsi məntiqlidir”- deyə, AMP Capital-in baş iqtisadçısı Şeyn Oliver deyib.

Son bir ildə 20% ucuzlaşan neftin qiyməti cümə axşamı 1% azalaraq bir barel üçün $69.07 olub. Amma iki aylıq maksimumlara yaxın səviyyədə qalaraq faiz dərəcələri perspektivinə əlavə qeyri-müəyyənlik qatır.

Son xəbərlər
Digər xəbərlər