Bir gün əvvəl Türkiyə Mərkəzi Bankın böyük faiz artımına getməsi yerli investorları qane etmir hələ ki. Türk lirəsi cümə günü səhər saatlarında 2.8%-ə qədər zəifləyərək anti-rekord yenilədi.
Banker.az xəbər verir Bakı vaxtı ilə 10.00 radələrində dollar/lirə 25.2055 səviyyəsində ticarət edilib ki, bu da cümə axşamı günü bağlanışdan 1.3% zəifləyib. Bu gün artıq 25.50 səviyyəsinə qədər ucuzlaşmanı nəzərə alsaq, ilin əvvəlindən ABŞ dollarına qədər 27% dəyər itirib.
Türkiyənin Mərkəzi Bankı cümə axşamı günü bir həftəlik repo faiz dərəcəsini (uçot faiz) 6.50 faiz bənd artıraraq 15%-ə yüksəltdi və keçən ay seçkilərdəki qələbəsindən sonra Ərdoğan tərəfindən təyin edilən yeni sədr Hafizə Gaye Erkanın rəhbərliyi altında ilk iclasında daha da faiz artımlarının davam edəcəyinə dair siqnallar verdi.
Azərbaycanda tanınmış iqtisadçı və monetar siyasətə bələd olan Elman Sadıqov Banker.az-dakı bloqunda bildirib ki, faizlərin birdən-birə 20% üzərinə qaldırılması “riskli məsələdir”.
“Kəskin artım riskli olmasaydı da bu şəkildə artım mümkün deyildi. Çünki, bu şəkildə kəskin artım lirənin dəyər qazanmasına səbəb olardı ki, bu da ixrac və ixracatçılar üçün arzuolunan amil deyildir. Bundan bahalı lirə Türkiyənin ixracatı və nəticədə istehsalına, o cümlədən başlamaqda olan turizm mövsümündə xidmət sektoruna ciddi mənfi təsir göstərərdi”- deyə, o bildirib.
E.Sadıqov deyir ki, bu səbəbdən faizlərin tədricən artırılması, hər artımda nəbz yoxlanılması, yaranacaq yeni vəziyyətə uyğun siyasətin formalaşması yolu tutulmuşdur ki, bu da monetar siyasət baxımından məntiqli və düzgün yoldur.
“Zərgər dəqiqliyi tələb edən monetar siyasət hədəf müəyyən edərək hədəfə doğru gedən yolda həm data formalaşdırar, həm də formalaşan dataları nəzərə alar. Hər addımda formalaşan yeni vəziyyəti öz siyasətində nəzərə alar”.
LİRƏNİN KƏSKİN BAHALAŞMASINI KİM İSTƏMİR?
İxracatçılar lirənin bahalı olduğunu və ixraca mənfi təsir etdiyini qeyd edirlər, digər tərəfdən bahalı lirə inflyasiya formalaşdırır. Sual oluna bilər ki, bu qədər dəyər itirən lirə niyə bahalıdır ki? Bəli, bahalıdır. Bu gün türk lirəsi keçən dövr ərzində inflyasiya səviyyəsi və müdaxilələr nəticəsində real bazar dəyərindən bahalı qalmışdır. Bu fikri bir dəfə də səsləndirmişdim. Xüsusilə son 5-6 il ərzində lirə öz bazar dəyərinə 1-2 il gecikmə ilə çatmışdır. Deməli öncə lirə öz real bazar dəyərinə (ilkin mərhələdə 26-27, sonra 30, vəziyyətdən asılı olaraq 35 qədər mümkündür) çatdırılmalıdır ki, bu da tədrici, kiçik faiz artımları ilə həyata keçiriləcək. Lirə öz real bazar dəyərinə (həm də iqtisadiyyatın, tədiyyə balansının tələbinə) uyğun həddə çatdıqdan sonra kurs valyuta müdaxilələri ilə deyil, faiz dərəcələri ilə tənzimlənəcək. Məhz bu səbəbdən Mehmet Şimşek nazir olduqdan sonra ilk çıxışında inflyasiyanın boğulması hədəfinin (yaxın müddət deyil) məhz orta müddətə aid olduğunu qeyd etmişdir.