10 C
Baku
Thursday, December 12, 2024

“Dolların bahalaşması ilə bağlı gözlənti təbiidir”

Banker.az bildirir ki, iqtisadçı ekspert Samir Əliyev bank sektorunda yaşanan gərginliklə bağlı Musavat.com-a müsahibə verib. Onunla müsahibəni təqdim edirik.

– Samir bəy, daha iki bank bağlandı. Sizcə, əmanətlərlə bağlı hər hansı problem yaşana bilərmi? Hökumət bunu necə həll etməlidir?

– Açıqlanan rəqəmlərə görə, 2019-cu ilin sonuna “Amrahbank”ın depozit portfeli 175,2 milyon manat olub. “AtaBank”ın depozit portfelinin həcmi barədə son məlumat 2019-cu ilin oktyabr ayının 1-i tarixinədir. Həmin tarixdə portfelin həcmi 286,3 milyon manat həddində olub. Güman etmək olar ki, “AtaBank”da depozitlərin həcmində artım olmayıb, eyni zamanda ciddi azalma olmayıb. Çünki bank bir müddət idi depozitlərin qaytarılmasına moratorium qoymuşdu. Hər iki bankda depozitlərin həcmi 460 milyon manat civarındadır. Ötən həftə qüvvədə olma müddəti daha 9 ay uzadılmış “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tələblərinə görə, hər iki banka yatırılmış əmanətlərə dövlət tərəfindən tam zəmanət verilir. Bir şərtlə ki, həmin əmanətlərin illik faiz dərəcəsi milli valyutada 10%-dən, xarici valyutada üzrə 2,5%-dən yüksək olmasın. Digər – qorunmayan əmanətlərin taleyi isə bağlanmış bankların debitor və kreditor borclarının nisbətindən, həmçinin mülkiyyətində olan əmlakların dəyərindən asılı olacaq. Bu banklardan olan əmanətlərin hamısı olmasa da əksəriyyəti qorunandır.

Mərkəzi Bankın rəhbəri dünən açıqlamasında bildirib ki, qısa müddətdə əmanətlər sabit banklardan birinə köçürüləcək və əhali həmin bankda pulunu saxlamaq və ya götürməklə bağlı qərar verə bilər. Təbii ki, əmanətçilərin əksəriyyətinin qərarı vəsaitlərini agent bankdan geri çəkib ya digər banklara yerləşdirmək, ya da yastıq altında yığmaq olacaq. Bu hadisə digər banklarda da əmanətlərin geri çəkilməsinə gətirib çıxaracaq. Əhali yenidən gözləmə mövqeyinə keçəcək.

Digər tərəfdən, qanunvericiliyə əsasən, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə xarici valyutada ödənilir. Əmanətlər həm milli, həm də xarici valyutada olarsa bir əmanət kimi manatla ödənilir. Ölkə üzrə ümumi depozitlərdə xarici valyutanın payının 60% olmasını nəzərə alsaq, 2 bank üzrə xarici valyuta depozitlərinin həcminin təxminən 280 milyon manatının xarici valyutada, daha konkret desək, ABŞ dollarında olduğunu təxmin etmək olar. Bu o deməkdir ki, dollar əmanəti yatırmış müştəri onu həmin valyuta ilə götürəcək, bu isə dollara tələbatı artıracaq.

– Nə etmək olar ki, əhali əmanətlərini çəkməsin? Digər bankların əmanətçiləri də vəsaitlərini çəkir. Bank sektoruna bir inamsızlıq yarandı…

– Əmanətlərin Tam Sığortalanması bir qədər bu məsələdə inam yaradır.  Artıq insanlar bankların bağlanmasına faciə kimi yanaşmırlar və arxayındırlar ki, əmanətlərini alacaqlar. Ancaq sığortalanmayan əmanətlərlə bağlı problem ola bilər. Bu ona gətirib çıxarır ki, əhali banklardan əmanətləri geri çəkməyə başlayacaq. Vəsaitlər dollara çevrilib, yastıq altına yığılacaq. Bu həm də xarici valyutaya tələbatı artıracaq. İkinci məqam, bank sektorunda təmərküzləşməyə gətirib çıxaracaq. Yəni insanlar əmanətlərini kiçik banklardan götürüb, daha güclü olan iri banklara qoyacaqlar. Sahibkarlar cari hesablarını bu banklarda açacaqlar. Beləliklə, onların bazar payı artacaq və haqsız rəqabət formalaşacaq.

– Əmanətlərin geri çəkilməsi dollara tələbatı artıra bilərmi?

– Banklar manatla götürdükləri əmanəti manatla, dollarla götürdüklərini isə dollarla qaytarmalıdırlar. Bu gün banklarda 300 milyona yaxın dollar əmanəti var. Deməli, əhali bu həcmdə əmanəti banklardan götürməyə çalışsa, dollara tələb artacaq. İdeal vəziyyət əhalinin əmanətləri geri çəkməməsi, agent bankda ən azı müqavilə müddəti bitənədək vəsaitini saxlaması olardı. Bunun üçünsə dövlət müəyyən stimullaşdırma tədbirlərinə getməlidir. Nəzərə almaq lazımdır ki, agent bankda əmanətlərin faiz dərəcəsinin aşağı olması ehtimalı yüksəkdir. Bu isə əhali üçün az cəlbedici olacaq. Burada hökumətin iki mexanizmdən birini tətbiq etməsi mümkündür: məcburi və həvəsləndirici. Məcburi addım olaraq agent banka köçürülən əmanətlərin müqavilə şərtləri köhnə bankda olduğu kimi saxlanılır. Yəni vəsait köçürülsə də müqavilə müddəti bitənədək əmanətin bankdan götürülməsi qadağan edilir. Əgər əmanətçi əmanətini götürürsə, bu halda bağlanmış bankda olduğu kimi vaxtından əvvəl götürülmüş əmanət kimi qiymətləndirilir və cərimə tətbiq edilir. Hökumət də öz növbəsində müqavilədə göstərilən faiz dərəcəsinin saxlanmasını (əgər agent bankda faiz dərəcəsi aşağıdırsa) təmin etməlidir. Buna illik faiz dərəcəsini subsidiyalaşdırmaqla nail ola bilər. İkinci mexanizmdə isə əmanətlərin agent bankda qalmasının stimullaşdırmaq üçün dövlətin həmin əmanətlərin faiz dərəcəsini müddət bitənədək illik 2-3% bəndi səviyyəsində (xarici valyuta üzrə 1%) subsidiyalaşdırır və seçimi əmanətçinin ixtiyarına buraxır.  Əgər bu addımlar atılarsa, Əmanətlərin Sığortalanması Fondunun əlavə vəsait cəlbinə ehtiyac qalmaz və insanlar gələcəkdə bağlanacaq banklara görə əmanətin batması baxımından narahatlıq keçirməz.

– Samir bəy, sizcə, indiki durumda bank sektorunda bu cür psixoloji basqı yaradacaq və etibarı zədələyəcək addım atmağa zərurət var idimi?

– Hazırda baş verənlər 2015-ci ildə baş verən devalvasiyanın bank sektoruna vurduğu zərərin davamıdır. Bank sektoru hələ bu böhrandan  tam çıxmayıb. Devalvasiyadan əvvəl 45 bank var idi və iki gün öncəyə qədər onların sayı 30-a düşmüşdü. Problem o idi ki, devalvasiyadan sonra sahibkarlar və əhali kreditləri ödəyə bilmədilər və banklar problem yaşamağa başladılar. Xatırlayırsınızsa, “AG Bank”ın bağlanma məsələsi bir neçə dəfə gündəmə gəldi, “NBC Bank”ın lisenziyası geri alındı, sonradan qaytarıldı. “AtaBank”da isə faktiki olaraq bir neçə aydır ki, insanlar əməliyyat apara bilmirlər. “Əmrahbank”da da analoji vəziyyət hökm  sürürdü. Bu addımın bu gün atılmasının səbəbi isə pandemiyanın gündəmə gəlməsi oldu. Banklar haqqında bu qərar daha öncə veriləcəkdi. Sadəcə, «Əmanətlərin Tam Sığortalanması haqqında» Qanun mart ayının 4-də qüvvədən düşdü. Bizdə erkən parlament seçkiləri olduğuna görə də həmin qanunun müddəti uzadılmadı. Nəticədə Prezident ötən həftə həmin qanunun qüvvəyə minməsi ilə bağlı qərar verdi. Qanun dekabr ayının 4-nə kimi uzadıldı və o vaxta qədər problemlər həllini tapmalıdır. Qarşıda isə 2015-ci il ssenarisi bizi gözləyir. Belə bir vəziyyətdə banklarla bağlı sərt addımların atılması çox vacibdir.

Ancaq hökumət bir tərəfdən karantindən zərərçəkən sahibkarlara yardım edir, onlara vergi və kredit güzəştləri ilə bağlı proqram qəbul edir, digər tərəfdən isə 4 bankla bağlı belə bir addım atılır və həmin banklarda cari hesabları olan şirkətləri, fərdi sahibkarları həmin puldan məhrum etmiş olur. Əmanətlərdən fərqli olaraq onların açılması xeyli vaxt tələb edir. Belə bir ağır vəziyyətdə, bu addım sahibkarlar üçün arzuolunmaz haldır. Mərkəzi Bank bu məsələyə diqqətlə yanaşmalı və çalışmalıdır ki, proses sürətlə keçsin. Bu addımın belə bir həssas dövrdə atılması arzuolunan deyildi. Daha əvvəl edilməli idi. 2017-2019-cu illər daha sabit dövr oldu, o dövrdə bu addım atılmalı idi.

– Kreditlərlə bağlı banklara tövsiyə xarakterli bir qərar qəbul edildi. İqtisadçılar hesab edir ki, bu addım yetərsizdir və ilin sonuna doğru problemli kreditlərin həcmi arta bilər. Bu məqamda hökumət nə kimi addım ata bilər?

– Problemli kreditlər artacaq. Mərkəzi Bankın banklara verdiyi tövsiyə bunun qarşısını ala bilməyəcək. Əgər o tövsiyələrdən savayı qeyri-rəsmi göstəriş yoxdursa… Burada yeganə olaraq ipoteka kreditləri nəzərə alınıb. Ancaq avtomobil və məişət texnikası ilə bağlı kreditlər haqqında heç nə nəzərdə tutulmayıb. Kredit tətilindən söhbət getmir. Nə əsas məbləğin, nə də faizlərin ödənilməməsi kimi hal yoxdur. Burada restruktruzasiya prosesi getməlidir, kredit müqaviləsinə yenidən baxılmalı, şərtlər yumşaldılmalıdır, faizlər aşağı salına bilər, müddət uzadıla bilər. Ancaq AMB-nin tövsiyələri problemli kreditlərin artmasının qarşısını ala bilməyəcək. Ola bilər, banklara qeyri-rəsmi tapşırıq verilsin ki, əsas borcu və ya faizi ödəməyənlərə güzəştlə yanaşsınlar. Əgər pandemiya müddəti uzadılsa, bu, əhalinin gəlirlərinə də mənfi təsir göstərə bilər ki, nəticədə kreditlərin ödənilməsində çətinlik yarada bilər.

– Maliyyə bazarlarında baş verənlər və neftin qiyməti dolların bahalaşması ilə bağlı nə vəd edir?

– Əhalidə dolların bahalaşması ilə bağlı gözləntinin olması təbiidir. Bu mövzuda ictimaiyyətin maarifləndirilməsi çox vacibdir. Xüsusən də bu məsələ ilə bağlı bizdə 2015-ci ildə neqativ bir təcrübə yaşandı. Dövlət rəsmilərinin devalvasiya ilə bağlı verdiyi bəyanatın əksi baş verdi və bununla da etibarsızlıq yarandı. Bu gün də açıqlama veriləndə insanlar inanmırlar, ehtiyatı əldən vermirlər. Neftin qiyməti ilə bağlı manata yaranan təzyiqlərin səbəbi isə odur ki, 2020-ci ildə dövlət büdcəsində neftin qiyməti 55 dollardan nəzərdə tutulub, qiymət 40 dollardan aşağı düşərsə, tədiyyə balansında mənfi saldo yaranır. Mənfi saldo isə o deməkdir ki, ölkədən çıxan dolların həcmi ölkəyə daxil olan valyutanın həcmindən çoxdur. O mənfini bağlamaq üçün  isə ehtiyatlardan istifadə etmək lazımdır. 2015-ci ildə Mərkəzi Bank ehtiyatlarından istifadə etdi, 11 milyarddan çox pul xərcləndi. Ya Mərkəzi Bankın ehtiyatları hesabına, ya da Neft Fondunun ehtiyatları hesabına bu kəsir ödənilməlidir. İndi sual yaranır ki, hökumət manatı saxlamaqda israrlıdırmı və ya nə qədər gözləyəcək. Bundan öncə, bizim iki təcrübəmiz olub. Birincisi, 2008-ci ildə qlobal maliyyə böhranı oldu, neftin qiyməti birdən-birə 150 dollardan 30 dollara düşdü. Həmin vaxt ətraf ölkələrdə devalvasiya olsa da, Azərbaycan hökuməti gözlədi və tezliklə neft qalxdı, manatın devalvasiyası gündəmdən çıxdı. 2015-ci ildə də hökumət eyni mövqeni qorudu, ancaq neftin ucuzlaşması uzunmüddətli oldu, paralel olaraq ölkədən kapital qaçışı oldu. Nəticədə iki devalvasiya baş verdi. Bu üçüncü proses əvvəlki ikisindən daha ağırdır. Vəziyyət ağır olsa da, hökumətin iqtisadi vəziyyəti pisdir. Həm neftin qiyməti, həm də iqtisadi aktivlik aşağı düşüb. İnsanların gəlirləri kəskin azalır, qiymətlər bahalaşır. Hökumət iki variantı tərəziyə qoymalıdır. Manatı saxlamaq, bununla da valyuta ehtiyatlarını əritmək, dövlət büdcəsinin icrasını çətinləşdirmək, yerli istehsalın immunitetini zəiflətmək, ixrac qabiliyyətini pisləşdirmək. Tərəzinin digər gözündə isə devalvasiyaya getməkdir. Bu zaman da qiymətlər qalxacaq, çünki idxaldan asılı ölkəyik. Əhalinin sosial vəziyyəti pisləşəcək, dövlətin xarici borclarını ödəməkdə çətinlik yaranacaq. Bank sektoru da devalvasiyadan növbəti zərəri görəcək, biznesə də mənfi təsir göstərəcək. Hökumət büdcə gəlirlərini təmin etmək üçün dolları ucuzlaşdırsa da, əhalinin sosial müdafiəsini gücləndirmək üçün büdcədə sosial xərcləri artrmaq məcburiyyətində qalacaq. Nəticədə büdcəsini sosial yükü artacaq. Tərəzinin zərər gözü ağır gəldiyindən devalvasiyaya gedilərsə, ağır fəsadları 2015-ci illə müqayisədə çox olacaq. Hökumət yəqin ki, may ayında koronavirusla və neftin qiyməti ilə bağlı duruma aydınlıq gəlməsini gözləyəcək. İmkan olduqca manatı saxlamağa çalışacaq. Yox, əgər neftin qiyməti 40 dollardan yuxarı qalxmasa, manatı saxlamaq çox çətin olacaq. Ancaq yaxın vaxt üçün mən bunu gözləmirəm.

– Sonda,  Milli Məclis builki büdcəyə dəyişiklik edə bilərmi? Buna zərurət varmı?

Mən büdcəyə dəyişikliyi gözləyirəm. Büdcənin sosial xərcləri də artıb, hökumətin işi çətinləşib. Əvvəl investisiya xərcləri çox olduğundan hökumət rahat manevr edirdi. İndi isə büdcədə neftin qiyməti 55 dollardır və real qiymət 3 dəfə aşağıdır. Deməli, büdcənin icrası ilə bağlı problem yaşana bilər. 2,5 milyard yardımın da mənbəyi tapılmalıdır. Bu mənada çox güman ki, büdcədə dəyişiklik ediləcək.

Son xəbərlər
Digər xəbərlər