Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Fərdi sahibkar Şərifova Gülbacı Əskər qızı barəsində istehlakçı hüquqlarının pozulması ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilib.
Banker.az Dövlət Agentliyinə istinadən xəbər verir ki, sahibkar qüsurlu malın geri qaytarılmasından imtina edib. Bundan başqa, istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlər daxil edilib.
Bununla bağlı inzibati xəta haqqında protokol 12 may 2026-cı il tarixində rəsmiləşdirilib.
Aşkar edilmiş pozuntular “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 16-cı maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Hüquq pozuntuları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi (satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması) və 447.0.9-cu maddəsi (istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) ilə tövsif olunub. Buna görə sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə 600 manatdan 900 manatadək, 447.0.9-cu maddəsinə əsasən isə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək cərimə oluna bilər.






