Mərkəzi Bankın valyuta ehtiyatları tarixi maksimuma çatıb – AYLIQ REKORD ARTIM

Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları 2026-cı ilin avqust ayında 1 milyard 533,4 milyon ABŞ dolları və ya 11,14% artaraq 31 avquz tarixində 15 milyard 301 milyon dollara çatıb.

Banker.az-ın bankdan əldə etdiyi məlumatda bu bildirilir.

Beləliklə, AMB-nin valyuta ehtiyatları tarixində ilk dəfə 15 milyard dollar həddini keçərək tarixi maksimum səviyyəyə yüksəlib. Sonuncu dəfə 2014-cü ilin iyulun sonuna 15 mlrd. 191 mln. dollar olmuşdu.

Avqust ayında qeydə alınan 1 milyard 533,4 milyon dollarlıq artım həm də Mərkəzi Bankın valyuta ehtiyatlarında indiyədək qeydə alınmış ən yüksək aylıq artım olub.

Bununla da AMB-nin xarici valyuta ehtiyatları ilin əvvəlindən 3 milyard 833 milyon dollar və ya təxminən 33,4% artıb. İlin əvvəlində Mərkəzi Bankın valyuta ehtiyatları təxminən 11,47 milyard dollar təşkil edirdi.

Qeyd edək ki, ehtiyatların artım tempi xüsusilə son aylarda sürətlənib. İyunda Mərkəzi Bankın valyuta ehtiyatları 445,2 milyon dollar, iyulda isə 610,3 milyon dollar artmışdı. Avqustda isə aylıq artım əvvəlki ayla müqayisədə 2,5 dəfə yüksəlib.

Valyuta təklifi kəskin artıb

Mərkəzi Bankın ehtiyatlarının sürətlə artması son aylarda ölkənin valyuta bazarında formalaşan əlverişli təklif-tələb balansı ilə üst-üstə düşür.

2026-cı ilin ilk 7 ayında banklar əhalidən 1 milyard 115 milyon dollar nağd xarici valyuta alıb, əhaliyə satış isə 669,4 milyon dollar təşkil edib. Beləliklə, alış satışdan 445,6 milyon dollar çox olub. Ətraflı

Ötən ilin eyni dövründə isə bu fərq cəmi 21,1 milyon dollar təşkil etmişdi. Başqa sözlə, cari ilin ilk 7 ayında bankların nağd valyuta alışının satış üzərindəki üstünlüyü illik müqayisədə 21 dəfədən çox artıb.

Valyuta təklifindəki bu üstünlük manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqini də artırıb. Valyuta dəyişmə məntəqələrində ABŞ dollarının satış məzənnəsinin 1,70 manatlıq rəsmi məzənnədən aşağı formalaşması da bazarda dollar təklifinin yüksək olduğunu göstərən amillərdən biri olub.

1 2 scaled

AMB bazardan valyuta alır

Mərkəzi Bank iyulun sonunda faiz dəhlizi ilə bağlı qərarında valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsini xüsusi olaraq qeyd edib.

AMB bildirib ki, inflyasiya proqnozunun yüksəldilməsi pul siyasətinin sərtləşdirilməsini şərtləndirsə də, valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsi yumşaq pul siyasətini dəstəkləyib. Bu amillərin tarazlaşması nəticəsində faiz dəhlizinin parametrləri dəyişdirilməyib.

Mərkəzi Bank həmçinin cari ilin qalan dövründə qərarlar qəbul edilərkən valyuta bazarındakı proseslərin, manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin davamlılığının və valyuta artıqlığının miqyasının nəzərə alınacağını açıqlayıb.

Bu şəraitdə AMB-nin valyuta bazarında alışyönlü müdaxilələri ehtiyatların artımına əlavə imkan yaradıb. Artıq avqust ayında ehtiyatların 1,5 milyard dollardan çox artması bu prosesin miqyasının əvvəlki aylardan əhəmiyyətli dərəcədə genişləndiyini göstərir.

Strateji valyuta ehtiyatları da artır

Mərkəzi Bankın ehtiyatlarının artması ölkənin ümumi strateji valyuta ehtiyatlarının da yüksəlməsinə səbəb olur. Dövlət Neft Fondunun və Mərkəzi Bankın ehtiyatlarının daxil olduğu strateji valyuta ehtiyatları avqustun əvvəlində 86 milyard 814,9 milyon dollar təşkil edib.

Mərkəzi Bankın növbəti faiz qərarı sentyabrın 23-də açıqlanacaq. Həmin qərarda valyuta bazarında təklif-tələb balansı, manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqi və bazardakı valyuta artıqlığının miqyası əsas izlənilən göstəricilərdən biri olaraq qalacaq.

1 2 scaled

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər