“Bu ilin birinci rübündə xam neftin çatdırılması daha böyük həcmdə davam edib və düşünürəm ki, keçənilki həcmi əhəmiyyətli dərəcədə üstələyəcəyik. Marşrut artıq testlənib, layihə qarşılıqlı faydalıdır. Təbii ki, biz bu sahədə əməkdaşlığı genişləndirmək, məhz energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçirmək niyyətindəyik, yəni Belarusun neftayırma zavodlarına təkcə xam neft çatdırmaqla kifayətlənməyəcəyik”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatla çıxış edərkən deyib.
Azərbaycan Prezidenti bildirib:
“Biz Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə – həm şəhərsalma, həm infrastrukturun yaradılması, kənd təsərrüfatının inkişafı sahələrində Belarus şirkətlərinin gələcək iştirakı ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Biz dünən də, bu gün də Belarusun aqroşəhərciklər yaradılması sahəsində təcrübəsini geniş müzakirə etdik. Mən Aleksandr Qriqoryeviçə məlumat verdim ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və birinci “ağıllı kənd” layihəsi praktiki olaraq həyata keçirilməyə hazırdır. Əlbəttə, bu sahədə Belarusun təcrübəsi nəzərə alınmaqla bu istiqamətdə işləmək çox maraqlı olardı. Mən daha sonra dedim ki, biz ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Belarus da Azərbaycan üçün belə ölkədir. Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər. Ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq. Biz bu sahədə məsləhətləşmələri davam etdirmək üçün Azərbaycan hökumətinin üzvlərinin Belarusa səfərləri barədə artıq razılıq əldə etmişik.
Sənaye kooperasiyası bizim münasibətlərin çox böyük seqmentidir. Hökumətlərarası komissiyanın həmsədrləri layihələrin uğurla həyata keçirilməsi barədə bizə məruzə ediblər. Aleksandr Qriqoryeviç ilə biz bu layihəni Belarus traktorlarının yığılmasından başladıq, sonra başqa istehsalatlara –avtomobillər, yük maşınları, kombaynlar, avtobuslar və bizim “Yaşıl Qarabağ zonası” konsepsiyası çərçivəsində işimizə çox yarayacaq elektrobuslar istehsalını da nəzərdə tuturuq. Alternativ enerji mənbələri yaradılmasında Belarus şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik. Bir sözlə, görüləsi işlər çoxdur. Mən bu gün də, dünən də qonaqlara dedim ki, erməni işğalından azad edilmiş ərazilərin sahəsi Lüksemburqdan dörd dəfə böyükdür. İşin həcmini təsəvvür edə bilərsiniz. Bu ərazidə hər şey dağıdılıb”.