İordaniyanın keçmiş vəliəhdi, şahzadə Həmzə bin Hüseyn kral II Abdullaha sədaqət andı içib.
Bu, kralın əmisi, şahzadə Həsənin vasitəçilyindən sonra reallaşıb.
“Mən onun əzəmətinə sığınıram. Haşimilər Krallığının konstitusiyasına hörmət olaraq əlahəzrət krala və əlahəzrət vəliəhdə sadiq qalacağam. Vətənin maraqları hər şeydən üstündür. Biz milli maraqları qorumaq üçün kralın ətrafında sıx birləşməliyik”, – şahzadə bildirib.
Qeyd edək ki, şənbə günü ölkə ordusu kral II Abdullahın ögey qardaşı, keçmiş şahzadə Həmzəni İordaniyanın təhlükəsizliyi və sabitliyinə xələl gətirən addımlardan çəkinməsinə dair xəbərdarlıq edib və bundan sonra şahzadə Həmzə ev dustaqlığına alındığını bildirib. Bazar günü isə hökumət ölkəni anarxiyaya sürükləmək istəyən xaricdəki qruplarla təmasa girən şahzadə Həmzənin bir müddətdir təhqiqat altında olduğunu açıqlayıb.
Bununla bağlı kralın məxfi müşaviri, sonra ölkənin maliyyə naziri və Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın müşaviri olan Bəsim Əvədullah, krallıq ailəsi üzvü Şərif Həsən bin Zaid və bütövlükdə 16-dək şəxs həbs edilib. Həbs edilənlər arasında yüksək rütbəli hərbçilər, bədəvi qəbilələrinin başçıları, adı çəkilməyən kəşfiyyat qurumunun əməkdaşları da var.