12 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Maliyyə Nazirliyinin AZ0201040315 ISIN-li, 100 mln. manat həcmində, 1 092 gün (3 illik) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banker.az-a bu barədə BFB-dən bildirilib.
Hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 89.8961(9.98%) manat və 99.4600 (6.2%) manat olan 60 sifariş təqdim edilib. Sonuncu dəfə bu həddə 2022-ci ilin 27 sentyabr tarixində olub. Həmin tarixdə orta gəlirlilik faizi 6.22% təşkil edirdi.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.4600(6.2%) manat müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 362,520,200 manat, yerləşdirilmiş həcmi isə 150 milyon manat təşkil edilmişdir. İstiqrazların ödəmə tarixi 8 dekabr 2026-cı il.
Hərrac iştirakçıları 13 dekabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.