Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin mədaxili 12 045,1 mln. manat, məxarici isə 12 783,7 mln. manat olub, 783,6 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
Bu barədə Banker.az-a Maliyyə Nazirliyindən məlumat daxil olub.
Məlumatda deyilir ki, 9 ay ərzndə büdcə gəlirləri proqnoza qarşı 0,2% çox icra olunub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,942 mlrd. manat və yaxud 19,2% çoxdur.
Vergilər Nazirliyi mədaxil proqnozunu 100,1% icra etməklə dövlət büdcəsinə 5 224,8 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 298,5 manat və yaxud 6,1% çoxdur. Həmin vəsaitin 73,2%-i və yaxud 3 825,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
Dövlət Gömrük Komitəsi isə proqnoza 117,8% əməl edərək dövlət büdcəsinə 1 950,4 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 296,6 mln. manat və yaxud 17,9% çoxdur.
Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 4,3 mlrd. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 275 mln. manat və yaxud 6% azdır.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 246,7 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 53,8 mln. manat və yaxud 27,9% çoxdur.
Sair daxilolmalar üzrə büdcəyə 323,2 mln. manat, o cümlədən 250 mln. manat vəsait Azərbaycan Mərkəzi Bankının sərbəst mənfəətindən transfert şəklində daxil olub.
Ayrıca iyul-sentyabr ayları üzrə mədaxil 4 320,3 mln. manat təşkil edib.
Xərclərə gəlincə isə 9 ay ərzində büdcə xərcləri proqnoza nisbətən 100,7% icra olunub. Bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2 161,5 mln. manat və yaxud 20,3% çoxdur.
İqtisadi təsnifata uyğun olaraq büdcə xərclərinin 38,1%-i və yaxud 4 865,1 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilibki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 351,4 mln. manat və yaxud 7,8% çoxdur.
Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,7 mln. manat, enerji, su təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1 666,1 mln. manat, o cümlədən Naxçıvan MR-da həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 64,9 mln. manat vəsait yönəldilib.
Ayrıca iyul-sentyabr ayları üzrə məxaric 4,59 mlrd. manat icra olunub.
Hesabat dövründə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxilolmalar və bu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına təmin edilib.
Yanvar-sentyabrda icmal büdcənin gəlirləri 17 586,9 mln. manat, icmal büdcənin xərcləri isə 16 972,4 mln. manat icra olunub. İcmal büdcənin artıqlığı 614,5 mln. manat təşkil edib.