Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il üçün büdcəsinin gəlirləri 10 676,4 mln. manat həcmində nəzərdə tutulur. Bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 137,5 mln. manat və ya 1,3% azdır.
Bu barədə mənbə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.
Qeyd olunan məbləğin 9 723,8 mln. manatı və ya 91,1%-ni mənfəət neftinin və qazın satışından daxilolmaların təşkil edəcəyi gözlənilir.
Fondun 2018-ci il üçün büdcəsinin xərcləri 11 986,5 mln. manat təşkil edəcək ki, bu da 2017-ci illə müqayisədə 3 223,9 mln. manat və ya 21,2% azdır.
ARDNF-in xərclərinin 9 216,0 mln. manatı və ya 76,9%-i dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 2 754,3 mln. manatı və ya 23%-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, bir sıra enerji layihələrində Azərbaycanın iştirak payı), 16,2 mln. manatı 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramlarının maliyyələşirilməsinə yönəldiləcək.