5 C
Baku
Saturday, December 14, 2024

Dövlət Proqramı: Bu xidmətlər aztəminatlı əhaliyə pulsuz təklif ediləcək

Ödəniş xidmətlərindən istifadənin genişləndirilməsində həmin xidmətlərin istehlakçı üçün əlçatanlığı və sərfəli olması zəruri şərtlərdən biridir. Təcrübədə istehlakçının ucuz və rahat istifadə oluna bilən, həmçinin təhlükəsiz hesab edilən xidmətlərə üstünlük verdiyi müşahidə olunur.

Banker.az xəbər verir ki, bu barədə Rəqəmsal Ödənişlərin İnkişafı Dövlət Proqramında deyilir.

Hazırda ölkədə dövlət sektorunda işləyən əhalinin əməkhaqları, sosial müavinət və pensiya ödənişləri tam şəkildə ödəniş kartları ilə paylanılır. Özəl qurumlarda fəaliyyət göstərən muzdlu işçilərin əməkhaqlarının ödəniş kartları ilə verilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun, müvafiq olaraq, 1 yanvar 2017-ci il və 1 aprel 2017-ci il tarixlərindən qüvvəyə minməsi ilə əlaqədar olaraq qeyri-dövlət müəssisə və təşkilatları üzrə əməkhaqqı kartlarının sayı ilin əvvəli ilə müqayisədə iki dəfədən də çox artmışdır. 1 yanvar 2018-ci il tarixinə ölkədə 1.85 mln. ədəd əməkhaqqı, 2.54 mln. ədəd sosial kart olmaqla 5.87 mln. ədəd ödəniş kartı mövcuddur.

Lakin, nağdsız ödəniş xidmətlərindən istifadə edən əhalinin sayı azlıq təşkil edir. Aztəminatlı əhali təbəqəsinin maliyyə xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə bir sıra ölkədə “baza bank hesabı” adlanan xidmət növü uğurla tətbiq olunur. Bu cür mexanizmlər Azərbaycanda da tətbiq oluna bilər.

Bu gün ölkədə pensiya və müavinətlərin alınması ödəniş kartları vasitəsilə həyata keçirilsə də, bu sahədə müəyyən problemlər qalmaqdadır. Belə ki, bu işə məhdud sayda banklar cəlb edildiyinə görə pensiya və müavinətlərin verildiyi günlərdə həmin bankların bankomatları qarşısında sıxlıq yaranır. Sosial ödənişlərin paylanmasına cəlb olunan müvəkkil bankların sayını artırmaq və vətəndaşlara bunların arasından sərbəst seçim etmək imkanı verilməlidir. Bu, bank xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, bank sektorunda rəqabətin güclənməsinə də müsbət təsir göstərə bilər. Bankların xidmət şəbəkəsi ilə əhatə olunmayan ərazilərdə isə pensiya və müavinətlərin ödəniş kartları vasitəsilə paylanmasında “Azərpoçt” MMC-nin infrastrukturundan istifadə təmin edilə bilər.

Beynəlxalq təcrübədə rəqəmsal ödənişlərin genişləndirilməsi üçün POS-terminallarda “pul qalığının nağd şəkildə qaytarılması” (cash back) funksiyasından da istifadə edilir. Təhlillər göstərir ki, bu üsul tətbiq edildikdə müştərilər tədricən nağdsız ödəniş vərdişi qazanırlar. İri təsərrüfat subyektlərində yalnız nağdsız ödəniş qəbul edən növbəsiz kassaların təşkili də əhalini nağdsız qaydada hesablaşmaları aparmağa cəlb edə bilər.

Banklar tərəfindən cari hesab qalıqlarına faiz dərəcələrinin tətbiqi təcrübəsindən istifadənin genişləndirilməsi, bunun əməkhaqqı və pensiya kart hesablarına da şamil edilməsi ödəniş kartı sahiblərində bank hesablarında vəsait saxlamağa stimul yaradacaqdır.

Ödəniş xidmətlərinin təhlükəsizliyinin artırılması da diqqətdə saxlanılmalıdır. Maliyyə təşkilatlarının İT təhlükəsizliyi, xüsusilə də mümkün kiber hücumların vaxtında aşkar edilməsi, mənfi təsirlərinin azaldılması və qarşısının alınması hazırda bütün dünyada, o cümlədən Azərbaycanda da həm maliyyə sabitliyi, həm də istehlakçıların hüquqlarının qorunması baxımından aktualdır. Ona görə də maliyyə təşkilatlarının (ilk növbədə, bankların) İT sistemlərinin beynəlxalq standartlara uyğunluğu müstəqil auditorlar tərəfindən dövri olaraq qiymətləndirilməlidir.

Mövcud ödəniş infrastrukturundan istifadənin səmərəliliyini və təhlükəsizliyini artırmaq üçün bu Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcəkdir.

Tədbir 1. Aşağı gəlirli əhali qrupları üçün pulsuz “Baza bank xidmətləri paketi”nin tətbiqinin təşviq edilməsi

Banklar aztəminatlı əhali qruplarına müəyyən bank xidmətlərini pulsuz təklif etməyə təşviq olunacaqlar. Pulsuz xidmət göstərilə biləcək aztəminatlı əhali qruplarının meyarları, habelə pulsuz verilə biləcək bank xidmətlərinin növləri və sayı Azərbaycan Banklar Assosiasiyası ilə bankların birgə təklifləri əsasında müəyyən ediləcəkdir.

Tədbir 2. Sosial ödənişlərin paylanması sahəsində banklararası rəqabət mühitinin gücləndirilməsi

Sosial ödənişləri həyata keçirən müvəkkil bankların sayının artırılması, vətəndaşlara bankların arasından sərbəst seçim etmək imkanının verilməsi nəzərdən keçiriləcək və məqsədəmüvafiq hesab edildiyi təqdirdə müvafiq tədbirlər görüləcəkdir. Bankların xidmət şəbəkələri ilə az əhatə olunmuş ərazilərdə pensiya və müavinətlərin ödəniş kartları vasitəsilə paylanmasında “Azərpoçt” MMC-nin infrastrukturundan istifadə olunması da nəzərdən keçiriləcəkdir.

Tədbir 3. Bankların İT sistemlərinə təhlükəsizlik tələblərinin gücləndirilməsi

Bankların informasiya sistemlərinə təhlükəsizlik tələblərinin gücləndirilməsi, bankların müstəqil auditorlar tərəfindən aparılmış periodik və risk-əsaslı İT auditinə tabe olması, ödənişlər sahəsində fırıldaqçılığın monitorinqi üçün standartların və minimal tələblərin müəyyənləşdirilməsi üzrə qanunvericiliyə dəyişikliklər hazırlanacaq və nəzarətə götürüləcəkdir.

Tədbir 4. Ödəniş xidmətləri üzrə tarif siyasətinin optimallaşdırılması

Ölkədaxili ödəniş xidmətləri üzrə operatorlar, habelə ödəniş xidməti təchizatçıları tərəfindən tarif siyasətinə yenidən baxılması təşviq olunacaq, ödəniş xidməti haqlarının istehlakçılar üçün daha əlverişli olması istiqamətində zəruri tədbirlər görüləcəkdir.

Tələb olunan investisiya

Bu prioritetin həyata keçirilməsi üçün əhəmiyyətli investisiya qoyuluşu tələb olunmur.

Son xəbərlər
Digər xəbərlər