6 C
Baku
Sunday, December 15, 2024

Dövlət rüsumunun büdcəyə köçürülməsinə nəzarət qaydası müəyyənləşib

Nazirlər Kabineti “Dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydası”nı təsdiq edib.

Dövlət rüsumu tutan qurumlar – hakimiyyət səlahiyyət- lərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) haqq (ödəniş) tutan dövlət orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər, nəzarət Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət rüsumu üzrə daxilolmalar barədə məlumat mübadiləsinin aparılması və dövlət rüsumu ilə bağlı maliyyə sənədlərinin və hesabatlarının yoxlanılması vasitəsilə həyata keçirilən tədbirlərin məcmusudur.

Nəzarət aşağıdakı istiqamətlərdə həyata keçirilir:

– dövlət rüsumu tutan qurumlar tərəfindən xidmətlər və hüquqi hərəkətlər üzrə dövlət rüsumunun hesablanması və dövlət büdcəsinə köçürülməsi üzrə təqdim edilən hesabatlara dair məlumat mübadiləsi aparılmaqla;

– dövlət rüsumu tutan qurumlarda dövlət rüsumunun düzgün tutulması və dövlət büdcəsinə köçürülməsi ilə bağlı sənədlər (dövlət rüsumu ödəyicisinin hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlər və hüquqi hərəkətlərin göstərilməsi üçün müraciəti, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd) və məlumatlar (dövlət rüsumu ödəyicilərinin sayı və ödənilmiş rüsumun məbləği, dövlət rüsumunun ödənişindən azadolmaların sayı və azadolmaların məbləği) üzrə dövlət rüsumu yoxlaması aparılmaqla.

İqtisadiyyat Nazirliyi dövlət rüsumu tutan qurumlar tərəfindən təqdim edilmiş rüblük hesabatlar əsasında dövlət büdcəsinə hesablanmış və daxilolmalara dair rüblükməlumatları hesabat rübündən sonrakı ayın 25-dək elektron qaydada Maliyyə Nazirliyinə təqdim edir. Məlumat mübadiləsinin aparılması zamanı hesablanmış dövlət rüsumunun dövlət büdcəsinə köçürülməməsi müəyyən edildiyi halda Maliyyə Nazirliyi dövlət rüsumu tutan qurumlardan dövlət rüsumunun dövlət büdcəsinə köçürülməməsinin səbəbləri barədə məlumat tələb edir. Dövlət rüsumu tutan qurumlar həmin məlumatları 3 (üç) iş günü ərzində təqdim etməlidirlər.

Rüsumu tutan qurumlar tərəfindən il ərzində dövlət rüsumu üzrə daxilolmalar barədə məlumat mübadiləsinin aparılması nəticəsində pozuntu aşkar olunduqda, nəzarəti həyata keçirən subyekt səlahiyyət bölgüsünə uyğun olaraq, dövlət rüsumu tutan qurumlara bildiriş göndərir və pozuntunun aradan qaldırılması üçün həmin quruma 20 (iyirmi) iş günü müddət verilir. Dövlət rüsumu tutan qurumlar bu müddət ərzində aşkar edilmiş pozuntuları aradan qaldırıb nəzarəti həyata keçirən subyektə məlumat vermədikdə, dövlət rüsumu yoxlaması təyin edilir. Dövlət rüsumu yoxlaması dövlət rüsumu tutan qurumlarda dövlət rüsumunun düzgün tutulması və dövlət büdcəsinə köçürülməsi ilə bağlı sənədlər (dövlət rüsumu ödəyicisinin hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlər və hüquqi hərəkətlərin göstərilməsi üçün müraciəti, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd) və məlumatlar (dövlət rüsumu ödəyicilərinin sayı və ödənilmiş rüsumun məbləği, dövlət rüsumunun ödənişindən azadolmaların sayı və azadolmaların məbləği) üzrə aparılır.

Dövlət rüsumu yoxlaması zamanı aşağıdakılar araşdırılır:

– dövlət rüsumunun düzgün hesablanması;

– dövlət rüsumunun tam məbləğdə dövlət büdcəsinə köçürülməsi;

– dövlət rüsumu ödəyicilərinin dövlət rüsumunun ödənilməsindən azad olunma halları;

– dövlət rüsumu tutulduqdan sonra müəyyən edilmiş müddətdə dövlət büdcəsinə köçürülməsi;

– Qanuna uyğun olaraq dövlət rüsumunun məbləği xarici valyutada nəzərdə tutulduğu hallarda dövlət rüsumu Azərbaycan Respublikasının ərazisində ödənildikdə ödənişlərin manatla aparılması vəziyyəti.

Nəzarəti həyata keçirən subyekt tərəfindən dövlət rüsumu tutan qurumlara dövlət rüsumu yoxlamasının başlamasından azı 15 (on beş) gün əvvəl dövlət rüsumu yoxlamasının hüquqi əsası və tarixi qeyd olunmaqla yazılı bildiriş göndərilir. Dövlət rüsumu yoxlaması nəzarəti həyata keçirən subyektin qərarı əsasında təqvim ili ərzində yalnız bir dəfə həyata keçirilə bilər. Dövlət rüsumu yoxlaması həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla dövlət rüsumu tutan qurumların son bir ilindən çox olmayan fəaliyyətini əhatə edir. Nəzarəti həyata keçirən subyekt tərəfindən yoxlanılmış dövr üzrə yenidən dövlət rüsumu yoxlaması keçirilmir. Qərarda nəzarəti həyata keçirən subyektin və onun səlahiyyətli nümayəndəsinin (nümayəndələrinin) soyadı, adı, atasının adı, vəzifəsi, dövlət rüsumu tutan qurumun adı, həmçinin dövlət rüsumu yoxlamasının müddəti göstərilməlidir. Dövlət rüsumu yoxlaması iş günü və dövlət rüsumu tutan qurumların iş vaxtı ərzində keçirilir. Dövlət rüsumu yoxlaması 30 (otuz) iş günündən artıq davam edə bilməz. Dövlət rüsumu yoxlaması zamanı məlumatların araşdırılması əlavə vaxt tələb etdiyi hallarda, dövlət rüsumu yoxlaması müddətinin bitməsinə azı 3 (üç) iş günü qalmış dövlət rüsumu tutan qurumlar məlumatlandırılmaqla nəzarəti həyata keçirən subyektin qərarı əsasında dövlət rüsumu yoxlamasının keçirilməsi müddəti 10 (on) iş gününədək artırıla bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər