Milli Məclisin qəbul etdiyi yeni qanunlara əsasən, dövlət sektorunda çalışan şəxslərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması Dövlət Sosial Müdafiə Fondu (DSMF) vasitəsilə həyata keçiriləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla bağlı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilib.
Hazırda bütün işçilərin qeyd edilən icbari sığortalanması özəl sığorta şirkətləri vasitəsilə həyata keçirilir.
Yeni dəyişikliklər isə bu sahədə ikili sistemin tətbiqini:
dövlət sektorunda çalışanların icbari sığortalanmasının DSMF,
digər subyektlərdə çalışanların isə özəl sığorta şirkətləri
vasitəsilə həyata keçirilməsini, bununla əlaqədar olaraq müvafiq hallarda sığorta ödənişlərinin də dövlət və bələdiyyə sektoru üzrə DSMF, digər sahələr üzrə özəl sığorta şirkətləri vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.







