9 C
Baku
Thursday, December 12, 2024

Dövlət və neft sektorunda muzdlu işlə bağlı gəlirlərdən vergi necə tutulur?

Muzdlu işlə bağlı gəlirin məbləği ilə vergi tutulan gəlirin məbləği heç də həmişə eyni olmur. Mövzunu “vergiler.az” üçün Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev şərh edir.

Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği
2.500 manatadək olduqda 14 faiz
2.500 manatdan çox olduqda 350 manat + 2.500 manatdan çox məbləğin 25 faizi

Buradan görünür ki, vergi dərəcələri vergiyə cəlb olunan gəlirə əsasən müəyyən edilir. Ona görə də vergiyə cəlb olunan gəlirlə muzdlu işlə bağlı gəliri fərqləndirmək lazımb gəlir.
“Muzdlu işlə bağlı gəlir” dedikdə iş yerindən alınan əməkhaqqı, hər hansı ödəmə və fayda başa düşülür. “Vergiyə cəlb olunan gəlir” dedikdə isə muzdlu işlə bağlı gəlirdən güzəşt və azadolmalar çıxıldıqdan sonra qalan məbləğ, daha da dəqiqləşdirsək, gəlir vergisinin dərəcəsinin tətbiq olunduğu məbləğ başa düşülür.

Vergi Məcəlləsinin 102.1.6 cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat azadolma müəyyən edilib.

Vergi Məcəlləsinin 102.2, 102.3, 102.4- cü maddələrində nəzərdə tutulmuş şəxslərin muzdlu işlə bağlı gəlirlərinə isə müvafiq olaraq 400, 200 və 100 manat məbləğində azadolma nəzərdə tutulub. Azadolma və güzəştləri nəzərə aldıqdan sonra muzdlu işlə bağlı gəlirlə vergiyə cəlb olunan gəlir arasında fərqə nəzər salaq.

Misal 1: Müharibə veteranı olan fiziki şəxs dövlət müəssisəsində çalışır və 2.100 manat əməkhaqqı alır. Onun gəlir vergisini hesablayaq.

Vergi dərəcələri vergiyə cəlb olunan gəlirə əsasən müəyyən edildiyi üçün vergiyə cəlb olunan gəlir:

2.100-200-400 = 1.500 manat

Fiziki şəxsin vergiyə cəlb olunan gəliri 2.500 manata qədər olduğu üçün gəlir vergisinin dərəcəsi 14 faiz olacaq:

1.500×14% = 210 manat.

Deməli, fiziki şəxsin aylıq 210 manat vergi ödəməlidir.

Misal 2: Dövlət müəssisəsində çalışan müharibə əlilinin may ayı üzrə əməkhaqqı 2.800 manat olub. Gəlir vergisini hesablayaq.

2.800-400= 2.400 manat.

Şəxsin muzdlu işlə bağlı gəliri 2.500 manatı keçdiyi üçün 200 manat güzəşt ona tətbiq olunmur. Vergiyə cəlb olunan gəliri 2.400 manat < 2.500 olduğu üçün vergi dərəcəsi 14 faiz, gəlir vergisinin məbləği isə 336 manat olacaq:

2.400×14% = 336 manat.

Misal 3: Dövlət müəssisəsində çalışan fiziki şəxsin muzdlu işlə bağlı aylıq gəliri 3.000 manatdır. Gəlir vergisini hesablayaq.

Fiziki şəxsin muzdlu işlə bağlı gəliri 2.500 manatdan çox olduğu üçün 200 manat güzəşt, eləcə də o, güzəşt hüququ verən heç bir kateqoriyaya aid olmadığı üçün digər azadolmalar ona tətbiq olunmur. Nəticədə, onun vergiyə cəlb olunan gəliri 3.000 manat olaraq qalır. Vergiyə cəlb olunan gəlir 2.500 manatdan çox olduğu üçün gəlir vergisinin hesablanmasında 14 faiz və 25 faiz dərəcələr tətbiq olunur.

Beləliklə:

3.000-2.500 = 500 manat,
2.500×14% = 350 manat,
500×25% = 125 manat,
350+125 = 475 manat.

Deməli, fiziki şəxsin aylıq gəlir vergisinin məbləği 475 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər