9 C
Baku
Friday, December 13, 2024

“Dövlət xərclərinin daha da artırılmasına olduqca ehtiyatlı yanaşmalıyıq”

“Azərbaycanda bütün dünyada olduğu kimi, yüksək inflyasiya yaşanır, bu da gəlirlərin azalmasına səbəb olur”.

Bunu maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlamentdə keçirilən komitələrin birgə iclasında səsləndirilən təklifləri cavablandırarkən deyib.

Nazir qeyd edib ki, büdcə gəlirləri artsa da, xərcləri maliyyələşdirmək məcburiyyətindəyik: “Odur ki, xərclərin daha da artırılmasına olduqca ehtiyatlı yanaşmalıyıq”.

Onun sözlərinə görə, bütün dövlət sektorunda çalışanların əməkhaqqında artım baş verib.

Digər istiqamətdə xərclərin artırılması məsələsinə toxunan S. Şərifov bildirib ki, elmin maliyyələşdirilməsi ilə bağlı məsələ yeni deyil: “Bəli, elmə ayrılan vəsaitin ÜDM-dəki xüsusi çəkisi yüksək deyil. Lakin hesab edirəm ki, bu da struktur problemlərlə əlaqəlidir”.

Gələn il dövlət büdcəsinin layihəsində elmin maliyyələşdirilməsi üçün 228.5 milyon manat vəsaitin ayrılacağı nəzərdə tutulub. Bu, cari illə müqayisədə 23.5 milyon manat və ya 11.5 %, 2021-ci ilin icra göstəricisi ilə müqayisədə isə 76.7 milyon manat və ya 50.5 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113.7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119.4 %, qeyri-ərzaq məhsulları üzrə 107.9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110.4 % təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər