8 C
Baku
Thursday, December 12, 2024

Dövlət Xidməti bank adından yayımlanan “fişinq” hücumları barədə xəbərdarlıq edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara son günlərdə bankları hədəf alan “fişinq” hücumları barədə xəbərdarlıq edir.

Banker.az nazirliyə istinadən xəbər verir k, kiberdələduzlar bu dəfə Azərbaycan Beynəlxalq Bankının (ABB) adından sui-istifadə edərək rəsmi olmayan, lakin real görünən saytlar yaratmaqla insanların diqqətini çəkməyə çalışırlar. Belə ki, ABB-nin rəsmi saytı ilə heç bir əlaqəsi olmayan veb-resursda vətəndaşlara saxta hədiyyə kampaniyası vəd olunur. Saxta kampaniyadan “qazanılan” məbləği əldə etmək üçün isə istifadəçidən bank və digər fərdi məlumatlar tələb olunur.

Məqsəd sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri “tələyə salmaq”la asan yolla maddi vəsait əldə etməkdir.

Bu növ kiberhücumlardan qorunmaq üçün istifadəçilərdən xahiş olunur ki, aşağıdakı sadə kibertəhlükəsizlik qaydalarına əməl etsinlər:

1. Aldığınız hər mesaja şübhə ilə yanaşın və cəlbedici vədlərə aldanaraq ani hərəkət etməyin.

2. Hədiyyə, pulsuz bonus və mükafat təklif edən vədlərə etimad etməyin.

3. Şübhəli keçidlərə daxil olmayın.

4. Hər zaman məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə edərək yoxlayın. Hər hansı şirkət, qurum və ya təşkilat adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olun.

5. Doğruluğundan əmin olmadığınız mesajları digər şəxslərə yönləndirməyin və ya sizə yönləndirilən mesajlara etibar etməyin.

6. Ətrafınızdakı şəxsləri də bu kimi elektron təhlükələr barədə məlumatlandırın.

Həmçinin bu kimi hallarla üzləşdikdə istifadəçilərdən www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.

abb fishing 1

Son xəbərlər
Digər xəbərlər