10 C
Baku
Thursday, December 12, 2024

Dövlət Xidməti: Maldiv adaları ilə tərəfdaşlığımız genişləndirilib

Azərbaycan maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsi çərçivəsində 116 ölkə, ölkələrarası hesabatların avtomatik mübadiləsi çərçivəsində isə 90 ölkə ilə məlumat mübadiləsi aparacaq.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.

Beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizə və vergi məsələləri üzrə beynəlxalq tərəfdaşlıq çərçivəsində ən mühüm sənədlərdən biri “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya”dır. Bu Konvensiya çərçivəsində Azərbaycan 136 ölkə ilə müvafiq məlumatların mübadiləsini həyata keçirir və nəticədə genişmiqyaslı vergi məlumatlarına çıxış əldə edilir. 2017-ci ildə Dövlət Vergi Xidməti bu Konvensiya əsasında “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya, 2021-ci ildə isə “Ölkələrarası hesabatların mübadiləsinə dair səlahiyyətli orqanların Çoxtərəfli Sazişi”nə qoşulub. İlkin olaraq maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsinə dair 90 ölkə, daha sonra isə 99 ölkə ilə tərəfdaşlıq razılaşdırılıb, ölkələrarası hesabatların mübadiləsinə dair 89 ölkə ilə tərəfdaşlıq bəyan edilib. Bu sazişlər ölkədə vergitutma bazasının qorunması, vergidən yayınmanın qarşısının alınması və mənfəətin digər ölkələrə köçürülməsinə dair mübarizənin aparılmasına xidmət edir.

Dövlət Xidmətindən verilən məlumata əsasən, ötən dövr ərzində Çoxtərəfli Razılaşmaya və Çoxtərəfli Sazişə yeni üzvlər qoşulduğundan, Azərbaycan Respublikası tərəfindən maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsi üçün əlavə 17 ölkə ilə (Bruney, Dominika, Ekvador, Yamayka, Qazaxıstan, Keniya, Liberiya, Maldiv adaları, Moldova, Monteneqro, Mərakeş, Yeni Kaledoniya, Oman, Peru, Tailand, Uqanda, Vanuatu) və dövlətlərarası hesabatların avtomatik mübadiləsi üçün əlavə 2 ölkə ilə (Barbados, Maldiv adaları) tərəfdaşlıq genişləndirilib.

Son xəbərlər
Digər xəbərlər