10 C
Baku
Thursday, December 12, 2024

DSMF-nin iki rayon şöbəsinin müdirləri barəsində cinayət işi başlanıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri açıqlama yayıb.

Bu barədə, açıqlamada deyilir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılmış, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.

Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Dövlət Sosial Müdafiə Fondunun Saatlı və Sabirabad rayon şöbələrində güzəştli şərtlərlə yaşa görə əmək pensiyalarının təyin edilməsində qanunvericiliyin tələblərinə əməl edilməməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Araşdırma zamanı DSMF-nin Saatlı və Sabirabad rayon şöbələrinin müdirləri Seyidrəsul Abbasov və Bayram Mikayılovun xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vətəndaşların pensiya təyinatı ilə bağlı müraciət etdikləri tarixlərdən ən çoxu 3 il əvvəl üçün pensiya təyin olunması barədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Saatlı rayon şöbəsində 44 pensiya işi üzrə 102 min manat, Sabirabad rayon şöbəsində isə 31 pensiya işi üzrə 95 min manat artıq ödəməyə səbəb olan keçmiş tarixə pensiya məbləğlərini hesablamalarına dair əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilən xüsusatlarla əlaqədar fakta görə həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Son xəbərlər
Digər xəbərlər