Dubay rəhbərliyi növbəti dəfə qarşısına inanılmaz bir məqsəd qoyub: onlar küçələri şəffaf qübbə altında yerləşən şəhər yaratmaq niyyətindədirlər. Şəhərin iqlimini isə kompüter vasitəsilə idarə etmək mümkün olacaq.
Şəhər demək olar ki, bütünlüklə ticarət və əyləncə mərkəzlərindən ibarət olacaq. Bu səbəbdən də, şəhərin adı Mall of the World (Dünya ticarət mərkəzi) olacaq. Bu kiçik metropolisin ərazisi 4 500 000 kvadrat metr olacaq və şəhərin qonaqları bütünlüklə istənilməyən hava şəraitindən uzaq olacaq.
Şəhərdə 100 dəbdəbəli otel, tibbi qəsəbə (xüsusi olaraq turistlərin marağını cəlb etmək üçün) və incəsənət mərkəzi olacaq. Layihəyə rəhbərlik edən Dubai Holding şirkəti bu şəhəri dünyanın ən böyük əyləncə parkına çevirmək niyyətindədir.
Dubai Holding şirkətinin mühəndisləri insanları intizarda saxlamamaq üçün tikinti başa çatdıqdan sonra Mall of the World şəhərinin necə görünəcəyini əks etdirən kiçik video hazırlamışlar.