Bu ilin mart ayında dünyada ərzaq qiymətləri indeksi fevralla müqayisədə 2.1% artaraq 118.5 bəndə yüksəlib.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında qeyd olunur.
Bildirilir ki, bu göstərici ardıcıl olaraq onuncu ay artmaqda davam edir və 2014-cü ilin iyun ayından bəri maksimuma çatıb.
Bahalaşma, ilk növbədə, bitki yağlarının, ət və süd məhsullarının qiymət indekslərində əhəmiyyətli dərəcədə artımla əlaqədardır. Bununla yanaşı, taxıl və şəkərin qiymət indekslərində azalma müşahidə olunub. Beləliklə, mart ayında taxıl qiymət indeksi 123.6 bənd təşkil edib ki, bu da fevral göstəricisindən 2.2 bənd və ya 1.7% azdır.
Bu göstəricinin səkkiz ayda ilk dəfə azalmasına baxmayaraq, 2020-ci ilin mart ayının səviyyəsindən 25.9 bənd (26.5%) çoxdur.
Mart ayında şəkərin qiymət indeksi fevral ayındakı göstəricidən 4 bənd və ya 4% aşağı olan 96,2 bal təşkil edib. Bu, iki ay davamlı artımdan sonra ilk azalmadır.
Bitki yağının qiymət indeksi fevrala nisbətən 11.8 bənd (artım 8%) yüksələrək 159.2 bənd təşkil edib – bu da 2011-ci ilin iyunundan bəri ən yüksək göstəricidir.
Bu indeksin davamlı olaraq yüksək olması əsasən palma, soya, kolza və günəbaxan yağlarının qiymətlərinin artması ilə əlaqədardır.
Süd məhsullarının qiymət indeksi 4.4 bənd (artım 3.9%) yüksələrək 117.4 bəndə çatıb. Beləliklə, sözügedən indeksin artımı onuncu ay ardıcıl olaraq davam edir və nəticədə dəyəri keçən ilin müvafiq dövrünə nisbətən təxminən 16% yüksək olub.
Ət qiymət indeksi 98.9 bənd olub ki, bu da fevral ayına nisbətən 2.2 bənd və ya 2.3% çoxdur. Bu göstərici ardıcıl olaraq altı aydır artmağa davam edir. Quş və donuz ətinin qiymətləri Asiya ölkələrindən, ilk növbədə, Çindən aktiv şəkildə idxalın təsiri ilə artıb.