Dünya Bankı (DB) digər beynəlxalq təşkilatların ardınca 2025-ci ildə qlobal iqtisadi artım proqnozunu əvvəlki 2.7%-dən 2.3%-ə endirib. Təşkilat iki ildən bir hazırlanan “Qlobal iqtisadi perspektivlər” hesabatında bildirib ki, tariflərin və qeyri-müəyyənliyin artması demək olar ki, bütün iqtisadiyyatlar üçün “əhəmiyyətli maneyələr” yaradır.
Bank ABŞ, Çin, Avropa və altı inkişaf etməkdə olan bazar regionu da daxil olmaqla ölkələrin demək olar ki, 70%-i üzrə qiymətləndirmələrini aşağı salıb. ABŞ-də 2025-ci ildə artım 1.4%, Avrozona və Yaponiyada hər birində 0.7% səviyyəsində gözlənilir. İnkişaf etməkdə olan bazarlar üçün də proqnoz azaldılıb, Meksika üçün isə demək olar ki, sıfıra endirilib.
Dünya Bankı qlobal tənəzzül riskini 10%-dən az qiymətləndirsə də, investisiya fəaliyyətinin yavaşlaması və inflyasiyanın COVID-dən əvvəlki səviyyələrdən yuxarı qalacağı gözlənilir. DB-nin məlumatına görə, qlobal iqtisadiyyat 1960-cı illərdən bəri son on ildə ən zəif artım tempini nümayiş etdirir.