12 C
Baku
Wednesday, April 24, 2024

Dünya Bankı Azərbaycan üzrə yeni regional direktor təyin edib

Azərbaycanda səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz ölkələri üzrə sabiq regional direktoru xanım Mersi Tembon və yeni regional direktoru cənab Sebastian Molineus ilə Mərkəzi Bankın sədri Elman Rüstəmov arasında görüş keçirilib.

Görüşdə xanım Tembon regional direktor vəzifəsində çalışdığı zaman DB tərəfindən Azərbaycanda görülmüş işlər barədə məlumat verib. Sonra DB-nin Cənubi Qafqaz ölkələri üzrə yeni regional direktorunu təqdim edərək onun DB-nin fəaliyyətinin müxtəlif istiqamətlərində geniş tərcübəyə malik olduğunu qeyd edib.

Öz növbəsində sədr E.Rüstəmov Dünya Bankının ölkəmizlə 25 ildən çox olan əməkdaşlığı dövründə inkişafın bütün istiqamətlərində Dünya Bankından Azərbaycana göstərilmiş hərtərəfli maliyyə, təşkilati, texniki və intellektual dəstəyin əhəmiyyətini qeyd etdi. E.Rüstəmov bu istiqamətdə xanım Tembonun DB-nin Cənubi Qafqaz ölkələri üzrə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi fəaliyyəti də yüksək qiymətləndirdi.

E.Rüstəmov yeni regional direktor cənab Molineusa Azərbaycanda həyata keçirəcək fəaliyyətində uğurlar arzulayıb. O, ölkədəki makroiqtisadi vəziyyət, iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafı, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul və məzənnə siyasəti məsələləri və bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. Həmçinin, E.Rüstəmov qlobal və regional iqtisadi çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına əminliyini ifadə edib.

Nümayəndə heyətinin rəhbəri xanım Tembon son illərdə Azərbaycan Hökuməti tərəfindən dayanıqlı iqtisadi artımın təmin olunmasında özəl sektorun iştirakının genişləndirilməsi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm səylərin göstərildiyini qeyd edib. O, DB-nin Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasına, həmçinin keçirdiyi tədbirlərə göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirib. Eyni zamanda əminliyini bildirdi ki, yeni regional direktor cənab Molineus ilə də faydalı əməkdaşlıq həyata keçiriləcək.

Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər