Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi layihəsinin başa çatdırılması üçün $140 mln. həcmində əlavə kreditin ayrılmasına dair danışıqlar başa çatıb. Bu barədə bankın Bakıdakı nümayəndəliyindən məlumat verilib.
“$140 mln. həcmində əlavə kreditin ayrılmasına dair bazar ertəsi başlamış danışıqlar başa çatıb. Martın sonunda Direktorlar Şurası Azərbaycana kredit vəsaitinin ayrılmasını təsdiq edib”, – deyə bankın nümayəndəsi bildirib.
“Onun sözlərinə görə, layihənin ümumi dəyəri $155,5 mln. təşkil edir ($28 mln. həcmində ƏDV nəzərə alınmadan), bunun $15,5 mln.-u Azərbaycan hökumətinin payıdır.
DB-nin Direktorlar Şurası 2010-cu ilin may ayında avtomobil yollarının yaxşılaşdırılması ilə bağlı 3-cü layihə üçün Azərbaycana $241,6 mln. məbləğində kreditin verilməsini təsdiq edib. Kredit iki hissədən ibarətdir. Xüsusilə $171,6 mln. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə 4 ili güzəştli olmaqla 17 il müddətinə ayrılıb. $70 mln. məbləğində daha bir kredit isə Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri ilə 10 ili güzəştli olmaqla 20 il müddətinə ayrılıb. Layihənin ümumi dəyəri $356,15 mln. məbləğində qiymətləndirilir. Layihənin reallaşdırılması üçün qalan məbləğ Azərbaycan hökuməti tərəfindən ayrılacaq. DB-nin kredit vəsaitləri uzunluğu 100 km-dən çox olan Bakı-Şamaxı yolunun bir hissəsinin iki zolaqdan dörd zolağa qədər genişləndirilməsi, magistral yolların idarə və istismarına yeni yanaşmaların tətbiqi üzrə tədqiqatların aparılması üçün istifadə ediləcək.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. İndiyədək bank Azərbaycanda 50-dən çox layihənin reallaşdırılmasına ümumilikdə $3,3 mlrd.-dan artıq məbləğdə kredit və qrant ayırıb.
©İnterfaks-Azərbaycan